Qənimət Zahid
İnsanlar keçmişi qürur üçün xatırlayırlar. Yorulub bir kənara çəkiləndə də mütləq və mütləq görülmüş işə nəzər atır, yorğunluğa haqq qazandıracaq səbəblərə baxır və qürur elementlərini qabardaraq bioqrafiya tərtib edirlər.
Biz bu günləri ona görə yaşayırıq ki, sabaha iddiamız var. Keçmişdən yorulmayanlar sabahın qurulması naminə çalışırlar.
Əli Kərimli keçmişindən yorulmayıb. Yorulacaq keçmişi varmı? Əlbəttə, var!
Mən Əli Kərimlini 34 ildir tanıyıram və onunla bir yerdəyəm. Biz Bakı Dövlət Universitetində eyni zamanlarda təhsil almışıq, amma tanışlığımız təhsil prosesi ilə bağlı deyil. O vaxtlar Bakı Dövlət Universiteti Azərbaycanda yenicə başlayan tələbə hərəkatının mərkəzi, Azərbaycanda milli azadlıq uğrunda mübarizənin əsas ocaqlarından idi. Əli bəylə tanışlığım da bu zəmində olub: siyasi mübarizə prosesinin lap başlanğıcında. O zamandan indiyə qədər birlikdə olmağımız mənə onu başqalarından bir qədər daha artıq tanımaq imkan verib. Onu başqalarından bir qədər daha artıq tanımaq da mənə imkan verir ki, Əli Kərimlinin 55 illik həyatının formalaşdırdığı indiki Əli Kərimli haqqında mülahizələrimi bölüşüm.
Bu gün onun 55 yaşı tamam olur və ad gününü blokada şəraitində keçirir. Dünyalar qədər sevdiyi, istiqlalı uğrunda mübarizə naminə gəncliyini, demokratiyası uğrunda mübarizə üçün həyatının 34 ilini həsr etdiyi Azərbaycanda avtoritarizmin təcrid vəziyyətinə sıxışdırdığı bir yubiley…
Çox simvolik görünə bilər.
Nəyin simvolu kimi görünə bilər?
Xalqlara avtoritarizmi hansısa qüdrətli əl, gözəgörünməz sehr, mistik güclər sırımır. Xalqlar öz yanlışları bahasına bu tələyə düşürlər və ondan xilas olmaq üçün çox uzun tarix sərf edirlər.
Çox cəsarətli və bir qədər də bidət kimi görünə bilər, amma təəssüf ki, belədir. Çağdaş dünyanın avtoritar rejimləri, diktaturaları xalqların yanlışları səbəbindən bərqərar olur və uzana-uzana gedir. Bu gedişata qarşı milli dirənişi təşkil edən adamlara ehtiyac olur. Çünki diktaturalar tarixin yanlış istiqaməti deməkdir. Bəşəriyyət zaman-zaman diktaturaları cilovlamaq üçün müxtəlif qanunlar, qaydalar uğrunda mübarizə aparıb, onları işlək hala gətirib. Tarix insan azadlıqları uğrunda mübarizələrdən ibarətdir. Liderlərin rolu bu mübarizəni təşkil etməkdir.
Əli Kərimli çağdaş Azərbaycan tarixinin demokratiya və insan azadlıqları uğrunda mübarizə mərhələsinin ən qabarıq lideridir. Bəlkə kimlərsə bunu qabarıq xətlə yazılmış fikirlər kimi qəbul edə bilər, amma sağlam yanaşma hər kəsin haqqını və rolunu olduğu kimi dəyərləndirməyi zəruri edir. O, Azərbaycanın siyasi müstəvisində ən ağır şərtlər altında mübarizə aparan ən böyük təşkilatın lideridir. Avtoritar sistem şəraitində ən böyük təşkilatı qorumaq, həm də bütün təzyiqlərə, ağır məhrumiyyətlərə, total təqiblərə baxmayaraq bu nəhəng strukturu işlək vəziyyətdə saxlamaq, gündən-günə böyütmək böyük məharət, cəsarət və iradə tələb edir. Bəzən işgəncə laboratoriyalarının eksperimentlərindən şəxsən keçməklə!
Onun rəhbəri olduğu siyasi təşkilat narazı elektorat üçün ən rahat platforma deyil: bu quruma sərt inzibati repressiyalar var. Bu təşkilat heç kimə komfort, rahatlıq, maddi təminat vermir, repressiyalara qarşı immunitet yaratmır, buna baxmayaraq onun sıraları gündən-günə böyüyür, çünki ləyaqətli həyat uğrunda mübarizə üçün stimul verir.
Başqa bir səbəb bu təşkilatın öz mübarizəsini milli ümidlərin işığı kimi təqdim etmək qabiliyyətidir və bu təqdimat təşkilatın rəhbərliyinə daxil olan insanların fərdi nümunəsində görünür; ən başlıcası, təşkilatın liderinin ictimai təqdimatının inandırıcılığında, nikbinliyində, öz gücünə və ictimai gücün imkanlarına qəti inamında görünür. Əli Kərimli bu gücün, inamın və bu nikbinliyin təmsilçisidir.
Siyasi fəaliyyətə qoşulduğu ilk zamanlardan indiyə qədər ona “tərcüməçi” gərək olmayıb: “belə demək istəyirdi, kontekstdən çıxarıblar”, “o zaman gerçəklik fərqli idi, indi fərqlidir” kimi yozulan mülahizələri olmayıb. Onu tanıdığım bu 34 ildə bir-birini təkzib edən fikirlərinə, açıqlamalarına rast gəlməmişəm.
O, insan azadlıqlarının ümumbəşəri qavram standartlarının nədən ibarət olduğunu bilən, bunu eynilə insanlara təqdim etməyi bacaran siyasi liderdir.
İman gətirdiyi ideyaları dərindən bilməyən, yanlış anlayan adamların cəmiyyətə təqdim etdikləri fikirlərdə ziddiyyətlər olur. Əli Kərimli Azərbaycan siyasətində özünəməxsus natiqlik məharəti ilə seçilən liderdir. Ona görə ki, inandığı və təqdim etdiyi ideyaları dərindən mənimsəyib, onları köklü şəkildə bilir. Ona görə ki, azadlığı olmayan insanın ehtiyaclarının nədən ibarət olduğunu dərindən bilir. Önünə aldığı problemləri hərfbəhərf, heca-heca bilən siyasi liderlərin natiqlik qabiliyyəti həm də yüksək inandırma keyfiyyəti ilə fərqlənir.
Avtoritar rejim bir çox mərhələlərdə onun üçün süni alternativlər yetişdirib, becərib dövriyyəyə buraxıb, amma nəticə – SIFIR! Çünki saxtakarlıqla gübrələnmiş ən parlaq siyasət məhsulu da səmimi və dürüst siyasi liderin qarşısına alternativ kimi çıxa, duruş gətirə bilməz. Nəticə yenə də bundan ibarətdir ki, Əli Kərimli avtoritarzimin özünün qorxduğu lider kimi meydandadır.
Əli bəyin gəncliyi siyasətin içində bişib. O, ən ziddiyyətli, ən gərgin siyasi situasiyaların mərkəzində olub, bu zaman ərzində bəzən həmin siyasi situasiyaların Azərbaycan tarixi üçün ən xoşagəlməz səhifələri də yazılıb, amma həmin xoşagəlməz situasiyaların heç birində “Əli Kərimlinin səhvi üzündən” qeydi yoxdur. Çünki o hər zaman üzərinə götürdüyü bütün vəzifələrə mümkün ola biləcək ən böyük məsuliyyətlə yanaşıb. Bu məsuliyyət onu mümkün yanlışlardan qoruyub, növbəti mərhələlərə daha qətiyyətli addımlarla keçməsi üçün zəmin rolunu oynayıb.
Əli Kərimli yalnız xarizmatik siyasi lider deyil, həm də inzibatçıdır, tələbkardır: bu prosesə onunla birlikdə qoşulmusansa, onunla birlikdə olduğunu iddia edirsənsə, təşkilatın üzərinə düşən missiyanın mahiyyətini anlayırsansa, birgə məsuliyyətin də nə demək olduğunu anlamalısan. Komanda oyunu dünyanın bir çox xalqlarında büdrəyir, vərdişə çevrilə bilmir. Təşkilatlanma mədəniyyəti də elə bu deməkdir ki, əvvəlcə özün bu mədəniyyəti mənimsəyib onun qaydalarını qavrayasan, sonra da onu bütün cəmiyyətin varlıq tərzinə çevirəsən. Bu dünyada bütün millətlərin bir-birindən yeganə üstün cəhəti təşkilatlanma vərdişinə sahiblik dərəcəsidir. Hansı cəmiyyət daha mükəmməl təşkilatlanma qabiliyyətinə sahibdirsə, onun uğurları daha çox olur. Əli Kərimli lideri olduğu təşkilatın nümunəsi ilə də bu ideyaya xidmət edir: Azərbaycan cəmiyyəti nə vaxt mükəmməl təşkilatlana biləcəksə, o zaman xoşbəxtliyin və uğurun yoluna çıxacaq.
Bütün insanlar keçmişləri qürur üçün xatırlayırlar. Əli Kərimli ilə birlikdə keçən son 34 illik həyatımı qürurla xatırlayıram və hər zaman da belə olacaq. Çünki ona güvənirəm. İnanıram ki, azərbaycanlıların azadlığı üçün təşkilatlandırdığı missiya mütləq nəticə verəcək!
Əli bəyi təbrik edirəm. 55 illik yubiley hər bir insan üçün geriyə boylanmaq və boylandığı o uzaqlardan sabaha daşıya biləcəklərini götür-qoy etmək məqamıdır. İnanıram ki, Əli Kərimlinin keçmişə boylanıb sabahlara daşımaq istəyəcəyi nəsnələr çoxdur, lap çoxdur və bunlar Azərbaycanın mənafeyi, azərbaycanlıların azadlıqları uğuruna həsr edilmiş bir mübarizə məktəbinin dərsləridir.