Vergiler.az saytına danışan iqtisadçı Radil Fətullayev koronavirus pandemiyasından zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi üzrə qanun dəyişiklikləri layihəsini şərh edib.
Radil Fətullayev deyib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı layihəyə əsasən, əmlak, torpaq, ödəmə mənbəyində tutulan vergilərdə, mənfəət vergisi və sadələşdirilmiş vergi məbləğlərində əhəmiyyətli azalma, vergi ödənişlərində gecikmələrə görə hesablanan faizlərin aradan qaldırılması gözlənir: “Güzəştlərdən biri daşınmaz əmlakın icarəsi ilə bağlıdır. Obyektləri icarəyə götürən iş adamları pandemiya dövründə öz fəaliyyətlərini ya qismən, ya da tam dayandırıb. Qüvvədə olan qanunvericiliyə əsasən, vergi ödəyiciləri əmlak icarəsinə görə ödəmə mənbəyində 14 faiz məbləğində vergi ödəməlidir. Təkliflər paketində yer alan əsas məqamlardan biri məhz daşınmaz əmlakın icarəsi ilə bağlı ödəmə mənbəyində tutulan verginin 50 faiz azaldılaraq 7 faizə endirilməsidir. Məsələn, 1000 manat icarə haqqına görə 140 manat vergi ödənirdisə, bu məbləğin 70 manata endirilməsi təklif olunub.
Başqa bir güzəşt mikro sahibkarlıq subyektləri ilə bağlıdır. Gəlir və mənfəət vergisi ödəyiciləri cari mənfəət vergisi ödənişlərini ildə 4 dəfə, hər rübdə həyata keçirirlər. Onlar hər rüb ötən ilin mənfəət vergisinin 25 faizini ödəməlidir. Dövr ərzində əldə edilən gəlirlərə nisbətdə cari vergi ödəmələri də həyata keçirilir.
Yeni təkliflərə əsasən, cari vergi ödəmələrinə 1 il müddətində güzəştlər tətbiq olunacaq. Yəni 2019-cu ildən vergi borcu qalan şəxslər üçün həmin borcun ödənməsi müddəti 2020-ci il sentyabrın 1-dək uzadılacaq. Həmin borclar martın 31-dək hesabat veriləndən sonra ödənməlidir. Əks halda maliyyə sanksiyası tətbiq olunur. Yeni təkliflərlə həmin sanksiyalar dayandırılacaq və borcların ödənmə müddəti uzadılacaq.
Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənməsi müddətinin də 2020-ci il sentyabrın 1-dək uzadılması gözlənir.
2020-ci ilin birinci rübündə bəzi sahibkarlıq subyektlərinin vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə görə borcları yaranıb. Həmin borclara görə onlara gündəlik cərimə hesablanmalıdır və təkliflər paketində bu məsələ də nəzərə alınıb. Ödənməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprelindən 2021-ci ilin 1 yanvarınadək təxirə salınması təklif olunub.
İctimai iaşə sektorunda çalışan sahibkarlar da güzəştlərdən yararlana biləcəklər. Onların təxminən 90 faizi 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləridirlər və yeni layihədə həmin vergi ödəyicilərinin yükünün 50 faiz azaldılması nəzərdə tutulub. Hazırlanan təkliflər qəbul edilərsə, ictimai iaşə sektorunda tətbiq edilən sadələşdirilmiş verginin məbləği 4 faizə endiriləcək. Əlavə dəyər vergisi qeydiyyatında olan və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslərin 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququ üçün qüvvədə olan müddətin 20 apreldən 1 sentyabradək uzadılması gözlənir. Bu müddətdə həmin şəxslər sadələşdirilmiş vergi rejiminə keçməkdə sərbəst olacaqlar”.