Aprelin 24-də Abşeron rayonunun ərazisində Xızının Ağdərə kəndindən Sumqayıta çəkilən magistral qaz kəmərinin açılışına qatılan prezident İlham Əliyev şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşüb. Dövlət başçısı görüşdə deyib ki, yeni qaz xətti Sumqayıtı dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır: “Bu vaxta qədər Sumqayıt bir xətt üzərində qazla təmin edilirdi. Sumqayıtda son illərdə yaradılmış sənaye müəssisələri, sənaye klasterləri əlavə həcm tələb edirdi. Bunu nəzərə alaraq yeni qaz kəmərinin tikintisi zəruri idi. Qaz kəmərinin uzunluğu 60 kilometrdir.
Bu, birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır. Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Şəhərin bir xəttin üzərində qidalanması qəza nəticəsində müəyyən problemlər yarada bilərdi. Bu ikinci xətt artan tələbatı ödəyəcək.
Son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilib. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir fəaliyyət göstərir. Burada 10-dan çox zavod var. Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda şüşə zavodu inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra idxaldan asılılığı aradan götürəcəyik.
Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib – polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, həm də böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik”.
Prezident dünya iqtisadiyyatının böhran içində olduğunu vurğulayıb: “Bu, Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir”.
İlham Əliyev deyib ki, koronavirus xəstələrinin sağalmasında həkimlərin çox böyük rolu var: “Əlbəttə, görülmüş bütün tədbirlər, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, düzgün təşkilati işlərin qurulması və qabaqlayıcı tədbirlər bizi, demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi düzgün addım idi.
Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını tam almaq mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük.
İndi dinamika müsbət istiqamətdə gedir. Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik. Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq (Karantini yumşaltmaq qərarı verildi). Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik”.