Dünyada əllərini yumayan milyonlarla adam var. Təəssüf ki, onlar bu sadə gigiyenik vərdişə yiyələnə bilmirlər.
Novator.az bildirir ki, bununla bağlı BBC-nin ingilisdilli versiyasında məqalə dərc olunub.
Məqalədə deyilir ki, 2015-ci ildə ABŞ-ın respublikaçı senatorlarından biri restoran işçilərindən tez-tez əllərini yumağın tələb olunması təklifi ilə çıxış edib. Həmin il ictimai tualetlərdə aparılan müşahidələr həqiqətən əl yumaq məsələsində vəziyyətin qəliz olduğunu göstərib. Müşahidələr nəticəsində bəlli olub ki, hətta böyük bayıra gedənlərin yalnız 26.2%-i əllərini sabunla yuyur. London Gigiyena İnstitutunun mütəxəssisi Robert Anger bunu belə izah edir ki, insanlar hələ ibtidai davranışdadırlar: “Onlar çox primitiv davranış sərgiləyirlər. Biz 25 ildir çalışırıq ki, adamlar əllərini daha çox yusunlar, amma nəticələr hələ də zəifdir”.
Dünyanın inkişaf etməmiş ölkələrində əhalinin yalnız 27%-i sabundan istifadə edə bilir. Dünya Səhiyyə Təşkilatı və UNİCEF hesablayıb ki, bu vəziyyətdə olan təxminən 3 milyard insan var. Lakin inkişaf etmiş ölkələrdə də əhalinin yalnız 50%-i tualetdən çıxanda təmizlik qaydalarına tam riayət edir.
Məqalədə deyilir ki, Avropada əl yuma populyar vəziyyətə 1850-ci ildə gətirilib: “O vaxt isə ömrün uzunluğu indiki kimi 80 yox, 40 yaş idi”.
Məqalədə vurğulanır ki, dünyada insanların sayı artıb, insanlar arasında canlı ünsiyyət genişlənib və bütün bunlar əl yumağın əvvəlki dövrlərlə müqayisədə indi daha aktual olmasından xəbər verir.
Bildirilir ki, Avropa ölkələrində adamlar dezinfeksiya vasitələrinə bir neçə yüz dollar pul xərcləsələr də, çox vaxt sabun almırlar.
Mütəxəssilərin fikrincə, ayaqyolundan çıxanda əl yumamaq təkcə tənbəllikdən irəli gəlmir, burada psixoloji faktorlar – özündənrazılıq, təkəbbür də var.
Fransadakı araşdırma mərkəzlərindən biri 63 ölkədən olan 64 min adam arasında sorğu keçirib. Sorğu zamanı respondentlərin “Tualetdən çıxanda əl yumaq avtomatik işdir” fikrinə qeyri-ixtiyari reaksiyaları öyrənilib. Nəticədə bu fikrə Çin, Yaponiya, Cənubi Koreya və Hollandiyadan olanların yalnız yarısına qədəri müsbət reaksiya verib. Səudiyyə Ərəbistanından olanların isə 97%-nin əllərini sabunla yumağa adət etdiyi bəlli olub.
Araşdırmalara görə, qadınlar əllərini kişilərdən daha çox yuyurlar. Bundan başqa vicdan və məsuliyyət hissi güclü, əxlaqi keyfiyyətləri bütöv olanlar, həmçinin ürəyi tez bulanan adamlar tualetdən sonra əllərini sabunla daha tez-tez yuyurlar.
İlkin Nizami