Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud Pressklub.az saytına müsahibəsində dünyanın ritmini, sosial həyatını iflic etmiş koronavirus bəlasından danışıb: “Baş verənləri hamı kimi mən də izləyirəm. Kütləvi insan tələfatı, bir ölkədən o biri ölkəyə – öz evlərinə piyada yollanmaq məcburiyyətində qalan ailələr, xəndəklərə doldurulub basdırılan meyitlər, əlbəttə, dəhşət doğurur. Mövcud mənzərə hər ölkənin bu sayaq ekstremal situasiyalara hazır olmadığını, ən inkişaf etmiş, aparıcı dövlətlərin belə pandemiya qarşısında aciz, çıxılmaz vəziyyətə düşdüyünü sərgiləməyə davam edir.
Elə bilirəm dünyanın, insanlığın bu qlobal pandemiya sınağı dönəmində hər bir azərbaycanlı öz dövlətinin qüdrətini, xalqının, vətəndaşının yanında olmaq, onu ən çıxılmaz məqamlarda, ən gözlənilməz təhlükələrdən qorumaq bacarığını hiss etdi.
Virusa gəlincə, onun insan həyatına təhlükə olmaqla bərabər həm də çox qəribə – mənəvi-müalicəvi missiyası hiss olunmağa başlayıb. Bu ilk növbədə Yer kürəsini insan əməlinin törətdiyi daha qlobal təhlükələrdən – təbiətin zəhərlənməsi və zorlanmasından xilas etmək, ona əzəli, sağlam vaxtlarının sakitliyini, təbiiliyini qaytarmaq, cəmiyyəti yaşam uğrunda mübarizələrdən, bitib-tükənməz, şüursuz sosium yarışlarından ayırıb özünə qaytarmaq kimi çox əhəmiyyətli, zəruri məsələlərdir.
Mən qəribə bir genişlik, işıq dolu azadlıqlar duyuram. Dünyanın şəffaflaşmağa başladığını, atmosferdə gedən sirli dəyişiklikləri hiss edirəm. Hər şey dəyişir. Bu vaxta qədər dəyər hesab edilənlərin öz mənasını itirməyə, mahiyyətini hələ tam anlamaq iqtidarında olmadığımız ayrı nələrləsə əvəz olunmağa başladığını anlayıram. Əslində bu dəyişikliklər çoxdan başlayıb. Neçə illərdən bəri hiss etdiyimiz vaxt sürətlənməsi, qlobal iqlim dəyişikliyi, daşqın və zəlzələlər, sunamilər insanlığa Yer üzünün artıq ondan yorulduğunun, bəd əməllərindən usandığının mesajları idi.
Virus, əlbəttə, təhlükəlidir, amma soydaşlarının çörəkpuluna qənim kəsilənlərdən, dünyanın bir qitəsindən o biri qitəsini bombalayıb şəhərləri yerlə yeksan edən, minlərlə günahsız insanın, uşaqların həyatına son qoyan, pulu insanlığın ali dəyərinə, kulta çevirib cəmiyyəti mənəviyyatsızlığa sürükləyənlərdən təhlükəli deyil. İrəlidə daha çətin dönəmlərlə üzləşə bilərik. Hər şeyə hazır olmalıyıq. İsa peyğəmbər “insan sözlə də doyar” demişdi. Yəni insanlığın mahiyyətini, iç dünyasını heç bir zaman maddiyyat, mal, pul, var şərtləndirməyib, mənəvi-ruhi həyatına qida verməyib, onu süni şəkildə bu hala salıblar. İlk növbədə bunu anlamaq lazımdır.
Yaranmış bu təcrid şəraitindən mümkün qədər yararlanmağa, özümüzü fərd olaraq dərk etməyə çalışmalı, vətənin, xalqın gələcəyi, görmək istədiyimiz həmin o gələcək naminə edə biləcəklərimiz barədə dərindən düşünməliyik”.