Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində keçmiş SSRİ ölkələrinin yaxınlaşmaq istiqamətində birgə cəhdlərinin vacib olduğunu deyib, bunu hamı üçün xeyirli saydığını vurğulayıb.
“Azadlıq” radiosuna danışan siyasətçi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Vladimir Putinin fikirlərinə münasibət bildirərək postsovet ölkələri arasında yaxınlaşma getmədiyini, əksinə, məsafə yarandığını, bir sıra ölkələrin çağdaş dünyada öz yerini tutmaq üçün müstəqil addımlar atdığını, təxminən 30 il öncə yaradılmış Müstəqil Dövlətlər Birliyinin isə formal bir quruma çevrildiyini qeyd edib.
İsa Qəmbərin fikrincə, indiki Rusiya hakimiyyətinin imperialist çalarlı siyasət yürütməsi xalqları və dövlətləri ondan çəkindirir, ona görə də SSRİ-nin bərpası və ya MDB ölkələrinin yaxınlaşması haqda danışmaq absurddur.
O, yaxınlaşmaq üçün ortaya müsbət nümunə qoyulmalı olduğunu düşünür: “Rusiyada gerçək islahatlar getsəydi, demokratik dövlət qurulsaydı, bu ölkə qonşularla dostluq siyasəti aparsaydı, bəlkə də deyilənlər haqqında, nəzəri də olsa, düşünmək mümkün idi.
Amma bunlar yoxdur. Rusiya uğursuz dövlətə çevrilib. Aparıcı dövlətlərlə münasibətləri gərginləşdirib, sanksiyalar altındadır, müstəqil iqtisadiyyat qura bilməyib, neftdən asılı ölkə kimi qalıb. Daha bir səbəb də Rusiyanın qonşu ölkələri özündən asılı vəziyyətə, təsir dairəsinə salmaq üçün yaratdığı etnik konfliktlərdir. Rusiya Dağlıq Qarabağ problemi hesabına Azərbaycanla Ermənistanı özündən asılı vəziyyətə salmağa çalışır. Gürcüstanın ərazisinin önəmli bir hissəsini ayırıb, Moldovada Dnestryanı, Ukraynada Donbas, Luqansk, Krım problemləri yaradıb. Bunlar postsovet ölkələrini Rusiya ilə yaxınlaşmağa cəlb edə bilməz”.
İsa Qəmbər əlavə edib ki, postsovet ölkələrinin bəziləri demokratik yolla getmədikləri, xalqın etimadına söykənən sistem qurmadıqları, beynəlxalq birliklə münasibətləri inkişaf etdirə bilmədikləri üçün Putin hakimiyyətindən asılı vəziyyətə düşüb: “Bu məqam onların maraqlarını bir qədər yaxınlaşdırsa da, başqa şəkildə yaxınlaşmadan danışmaq mümkün deyil”.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.
8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukrayna dövlət başçıları saziş imzalayaraq Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıblar. 21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.
Azərbaycanın MDB-yə qoşulması 20 sentyabr 1993-cü ildə rəsmiləşib. 1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.
Sonralar Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan və Ukrayna MDB-dən ayrılıblar.
1957-ci ildə doğulan İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.