Rusiyalı jurnalist, riyaziyyatçı, siyasi xadim Andrey Piontkovski dünyanın gündəmində olan koronavirus xəstəliyi ilə bağlı fikirlərini açıqlayıb.
1940-cı ildə Rusiya paytaxtında doğulan Andrey Piontkovski Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir. Müxtəlif illərdə Rusiyanın Yabloko və Solidarnost partiyalarının üzvü olub. Bir sıra məqalələrinə görə ekstremizmdə ittiham olunan Piontkovski cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyatlanaraq 2016-cı ilin fevralında Rusiyanı tərk edib və hazırda ABŞ-da yaşayır.
Piontkovski koronavirusla bağlı fikirlərini “Youtube” vasitəsilə yayımlanan “Feyqin-Live” kanalına video müsahibəsində açıqlayıb.
Novator.az-ın məlumatına görə, Piontkovski hazırda dünya liderlərinin koronavirusun haradan gəldiyini dəqiqləşdirmək üçün araşdırmalar aparılmasına göstəriş verdiklərini vurğulayıb. Müxtəlif ehtimalların olduğunu xatırladan Piontkovski əsas bir versiya üzərində dayanmağı tövsiyə edib. O, Çin əsilli tanınmış alim Si Cen Linin təcrübəsinə və fəaliyyətinə nəzər salmağı, həqiqəti də bu məsələdə axtarmağı məsləhət görüb.
Jurnalist bildirib ki, 2014-cü ildə ABŞ-da yaşayan Si Cen Linin daha bir Çin əsilli alim və digər 14 amerikalı mütəxəssislə birgə apardığı təcrübə haqda mətbuatda elmi məqalə dərc olunub. Həmin məqalədə Si Cen Li yeni hibrid virus yaratdıqlarını bildirib. Məqaləni şərh edən Piontkovski deyib: “Onlar indiyə qədər insan orqanizminə keçməyən, yarasalarda olan koronavirusu (bu virus çox sürətlə yayıla bilir) hamıya məlum SARS virusu (bu virus ağ ciyərləri sıradan çıxarır, amma onun yayılma sürəti zəifdir) ilə calaq ediblər. İki virusun əsas xüsusiyyətlərini, yəni yayılma sürəti ilə insanın ağ ciyərini sıradan çıxarma qabiliyyətini nəzərə alanda onların hibridindən yaradılan yeni virusun insanın ağ ciyərlərini tez bir zamanda dağıtmaq gücündə olduğu aydınlaşır. Si Cen Li 2014-cü ildə dərc edilmiş məqalədə deyir ki, bu hibridi yaratmaqla onlar elmdə böyük uğur qazanıblar. Yəni Si Cen Li bununla elmdə böyük kəşfə nail olduqlarını nümayiş etdirmək istəyib”.
Piontkovski qeyd edib ki, Si Cen Li sözügedən hibridi həmkarları ilə birgə ABŞ-ın Şimali Karolina Universitetində hazırlayıb və bu elmi təcrübə böyük qrant yardımı hesabına başa gəlib: “Belə elmi təcrübələrə dövlət böyük vəsait ayırır. Si Cen Li yarasalardakı koronavirusun inkişaf edərək insan orqanizminə keçib-keçmədiyini sınayıb. Alim bəyan edib ki, o, həmkarları ilə birlikdə genetik modifikasiya yolu ilə buna nail olub və bu virusun mutasiyaya uğraya bildiyini, insan üçün təhlükəli olduğunu sübuta yetirib”.
Piontkovski xatırladıb ki, hazırda diskussiyaların çoxunda koronavirusun laboratoriyada hazırlanmadığı, bunun təbiətdən gəldiyi vurğulanır. Onun fikrincə, bu təbliğatın arxasında Çin dövləti dayanır: “Burada Kremlin və bir çox rusiyalı virusoloqun da təbliğatı rol oynayır. Virusoloqların reaksiyası təbiidir, onlar laboratoriya versiyasını inkar etməklə müdafiə olunmağa çalışırlar. Çünki sırf elmi maraq naminə aparılan təcrübənin acı nəticələr verməsi hər bir virusoloqa problem yaradır”.
Piontkovski bildirib ki, Si Cen Li yeni virusu bioloji silah kimi hazırlamayıb: “Burada alimin yenilik əldə etmək, yeni eksperiment aparmaq, böyük elmi nailiyyət qazanmaq marağı olub. Bununla belə, eksperimentin nəticəsi bəlli olan kimi Si Cen Li ABŞ-ın bütün fondlarının yardımından məhrum olunub. Hətta ABŞ Senatında bununla bağlı dinləmələr keçirilib və bu tip təcrübələr aparan 14 laboratoriyanın işi dayandırılıb. Si Cen Li əşyalarını, tədqiqat nəticələrini götürüb, bəzi elmi işçilərini də başına yığıb Çinin Uhan şəhərinə köçüb və oradakı laboratoriyada elmi təcrübələrini davam etdirib.
Hazırda koronavirusun Çindən gəlməsi ilə bağlı ittihamlar heç də o məna daşımır ki, Çin dünyaya bioloji silah yaymaq niyyəti güdüb, virusu Uhan laboratoriyasından bilərəkdən kənara çıxarıb. Yox, burada əsas ittiham məsuliyyətsizliklə bağlıdır. Yəni laboratoriya Şimali Karolinadan Uhana köçürüləndən sonra bu işə əvvəlki məsuliyyətlə yanaşılmayıb, Uhan laboratoriyasında təhlükəsizlik tədbirləri yetərincə olmayıb, bu səbəbdən də virus kənara çıxıb, dünyaya yayılıb. İttihamlar buna görədir”.
Bəs virus Uhan laboratoriyasından kənara necə sızıb? Piontkovskinin sözlərinə görə, bu, dəqiq bilinmir. Bir versiya odur ki, laboratoriyada çalışan hansısa əməkdaşın bədənində, paltarında çölə yayılıb. Virusun Uhan laboratoriyasından başqa yolla sızması versiyaları da var.
Si Cen Li ilə bağlı fikirlərinin tamamında Piontkovski alimin 2020-ci il fevralın 7-də ictimaiyyətə açıqlanan bəyanatını şərh edib.
Həmin bəyanatında Si Cen Li bildirir ki, 2019-cu ildəki yeni koronavirus təbiətin insanlara qeyri-sivil həyat vərdişlərinə görə verdiyi bir cəzadır. Bəyanatında Si Cen Li and içir ki, dünyanın bəlasına çevrilmiş yeni virusun onun laboratoriyasına heç bir aidiyyəti yoxdur. Daha sonra bəyanatında kütləvi informasiya vasitələrinin ziyanlı mənbələrə istinadla məlumatlar yaydığını iddia edən Si Cen Li üzünü həmin məlumatları yayanlara və onlara inananlara, eyni zamanda bəzi elmi dairələrə tutub belə deyir: “İylənmiş ağzınızı yumun!”
Piontkovski bildirib ki, bu bəyanatın tonu, məzmunu onun elmi diskussiyalara aidiyyəti olmadığını, sanki Çinin hansısa xüsusi xidmət orqanının zirzəmisində hazırlandığını göstərir.
Jurnalistin fikrincə, Çin dövləti anlayır ki, koronavirusun dünyaya yayılması onun yol verdiyi səhvin nəticəsidir və Çinin rəsmi dairələri bu səhvi malalamağa çalışır.
Səidə Hüseynova