Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 20-si Dağlıq Qarabağ münaqişəsinin dinc həllində beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə videokonfrans formatında bir araya gəlib.
Rəsmi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yolları müzakirə olunub, koronavirus pandemiyasının sülh danışıqlarına maneə olmamasının vacibliyi vurğulanıb. Razılaşmaya əsasən, aprelin 21-də Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla video formatında görüş keçirəcək. Görüşə Minsk qrupu həmsədrlərinin və ATƏT sədrinin şəxsi nümayəndəsinin qatılacağı gözlənir.
Novator.az bildirir ki, Elmar Məmmədyarov bu il yanvarın 29-30-u İsveçrənin Cenevrə şəhərində Zöhrab Mnasakanyanla iki görüş keçirib. Beynəlxalq vasitəçilərin iştirakı ilə baş tutan ilk görüş 7 saat, ikinci görüş 4 saatdan çox çəkib.
Nazirlərin əvvəlki görüşləri 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, 2019-cu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada, iyunun 20-si Vaşinqtonda, sentyabrın 23-ü Nyu-Yorkda baş tutub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.