Natiq Cəfərli
REAL Partiyanın icra katibi
İngilis dilində repressiya (repression) sözündən başqa “oppression” sözü də var. Məna fərqləri olan sözlərdir.
Biz repressiya sözünü hər mənada işlədirik, çünki “oppression” anlayışı yoxdur. Əslində repressiya daha çox ideoloji anlayışdır – diktaturalarda və ya avtoritar sistemlərdə hakim elita, qrup, partiya öz ideoloji düşmənlərinə qarşı repressiyalar edir. Tarixdə bunun çox örnəyi var, bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm, təkcə onu deyim ki, repressiya tək dünyəvi olmayıb, həm də dini əsaslarla baş verib.
“Oppression” sözünün mənası isə önləyici basqı, önləyici tədbirlər, müxtəlif qrupların önləyici tədbir kimi sıxışdırılması deməkdir. Azərbaycanda iqtidar və müxalifət təməldən ideoloji olmayıb, müstəqillikdən üzü bəri həm iqtidarda, həm müxalifətdə ideoloji təməli yerliçilik əvəz edib – siyasi loyallıq yerlibazlıq üzərində qurulub. Siyasi qurumlar şəxs ətrafında formalaşıb deyə həmin şəxsin harada anadan olması, kimlərdən olması daha çox önəm kəsb edib. İdeoloji əsası olmayan siyasi təşkilatlar yerlibazlığı siyasi əsas kimi görüblər, bütün mübarizə resurslara çıxış imkanlarına görə olub və siyasi səhnəni liderlərin şəxsi münasibətləri şəkilləndirib.
Mərhum Heydər Əliyev YAP-ı məhz yerliçilik və şəxsi loyallıq üzərində qurdu, çünki o zaman ölkədə pul yox idi, pulun azlığı siyasi azadlığın çox olması ilə kompensasiya edilirdi. Amma təəssüf ki, siyasi azadlığın daha geniş olduğu dövrlər müxalif siyasi partiyalar ideoloji kimliklər qura bilmədilər, iqtidarın güzgüdəki əksinə çevrilərək sistemin bir parçası oldular.
1993-2003-cü illərdə də həbslər var idi, amma onlar repressiya deyildi, daha çox şəxsi münasibətlərin təzahürü, sistemdaxili oyunçuların şəxsi qisası idi və çox zaman da “oppression” xarakteri daşıyaraq önləyici tədbir kimi baş verirdi.
2003-cü ildən sonra ölkəyə böyük neft pulları gəldi, yavaş-yavaş pul amili yerlibazlığın üzərinə çıxmağa başladı, çünki aşağıdan yuxarıya loyallığın təmin olunması mexanizmi dəyişdi – daha yerliçilik deyil, maddi maraqlar üzərində qurulmuş ittifaqlar önə çıxdı. Loyallıq daha çox maddi maraqlar üzərindən, pul qazanmaq fürsətləri üzərindən təmin edilməyə başlandı.
Tariximizin son 10 ilini götürsək, ilk repressiyalar, yəni ideoloji kimliyə görə təqiblər gənc aktiv insanların həbsi ilə başladı – onlar heç bir partiyanın üzvü olmasalar da, yeni nəslin timsalında ideoloji kimliklər formalaşdırmağa başladılar. Amma bu da klassik anlamda repressiya deyildi, daha çox “oppression” xarakteri daşıyırdı – önləyici basqı şəklində idi.
REAL-a qarşı bütün basqılar, sədrin həbsi və 5 il yarımdan çox həbsdə qalması da məhz “oppression” addımlar idi, amma yeganə fərq o idi ki, REAL ideoloji təşkilat olaraq daha çox potensial təhlükəyə malikdir. Yəni qabaqlayıcı tədbirlər ona görə atıldı ki, cəmiyyətdə ideoloji cərəyanlar yaranıb möhkəmlənməsin.
Son üç-dörd ildə görünən odur ki, iqtidar artıq ideoloji platformanın olmamasından daha çox əziyyət çəkir. Bu gün iqtidar yeni siyasi konfiqurasiyadan danışırsa, bunun ən böyük çatışmayan elementi iqtidarda ideoloji partiyanın olmamasıdır. Ölkənin sağlam siyasi təməllər üzərinə keçidi üçün iqtidarın ideoloji partiya yaratması mütləqdir. Bu işi YAP görə bilməyəcək, ona görə də yeni, ikinci, sağlam ideoloji əsası olan partiyanın yaradılması labüddür. Məhz bu zaman müxalifət də sağlam ideoloji əsaslar üzərində qurulmuş siyasi partiyalarda cəmləşməyə məcbur olacaq ki, iqtidarın yeni siyasi diskursu ilə ayaqlaşa bilsin.
Maraqlı dönəmdir, indi məmləkətin problemlərini həll etmək üçün həm repressiya, həm də “oppression” addımları mənasızdır – dünyada gedən prosesləri nəzərə alaraq məmləkətimizin qarşısında duran çağırışlara cavab vermək üçün mütləq yeni siyasi konfiqurasiya yaranmalı, siyasi mübarizə düşmənçilikdən çıxıb ideoloji “savaşa”, siyasi-iqtisadi ideya və proqramların rəqabətinə çevrilməlidir, hətta gələcəkdə hökumətin koalisiyalarla formalaşdırılması əsasını yaratmalıdır…
Müəllifin başqa yazıları: