“Koronavirus pandemiyasından sonra başqa dünya düzəni olacaq”. İqtisadçı Natiq Cəfərli belə yazır.
Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yaydığı şərhdə qeyd edir ki, söhbət tək pandemiyanın gətirdiyi davranış qaydalarının, istehlak toplumu konsepsiyasının dəyişməsindən getmir, koronavirusdan öncə də dünya ciddi dəyişikliklərə hamilə idi: “Robotlaşma, 5G texnologiyalarının tətbiqi, süni intellekt, 4.0 sənayeyə, alternativ enerjiyə keçid – bütün bunlar son 10 ilin ən çox müzakirə edilən məsələləridir. Sadəcə bizim məmləkət həmişə dünyada gedən proseslərdən kənarda qalıb – sistem problemi, elmi bazanın zəifliyi, resurs lənəti, hökumətin vizioner olmamağı bizi həmişə trendlərdən kənarda qoyub.
Hələ ötən əsrin 80-ci illərində belçikalı alim Filipp van Pareys baza gəliri konsepsiyası təqdim edib. Tezisin məğzi o idi ki, dünyada robotlaşma sürətlə gedəcək, yeni texnologiyalar insan əməyini əvəz edəcək, işsizlər ordusu yaranacaq və məhz buna görə dövlətlər hər bir vətəndaşa şərtsiz baza gəliri ödəməlidir: bu vəsait həm istehlakı canlı tutmağa, həm vətəndaşların maddi durumunun yaxşılaşmasına kömək olacaq, həm də sosial problemləri həll edəcək, ilk baza gəliri hamıya ödəndikdən sonra kim istəsə daha çox qazanmaq üçün çalışacaq, daha yaxşı yaşamaq üçün əmək və bilik sərf edəcək.
Son 10 ildə bu konsepsiya ciddi müzakirələrə, hətta paradiqmanın dəyişməsinə səbəb olub – əvvəl deyilirdi ki, məhz texniki mütəxəssislərə (mühəndis, proqramçı) tələbat artacaq (belə də oldu), amma indi paradiqma dəyişir – humanitar peşələrə tələbin artacağı deyilir. Yəni sənətə, elmə, sosial psixologiyaya, bədii ədəbiyyata, mahnı bəstələməyə, teatra, kinoya, şou-biznesə, idmana tələbat artacaq. Çünki robotların, süni intellektin ruhu yoxdur, mədəniyyət isə ruh məsələsidir, riyazi formulla olmur.
Bir neçə il öncə Finlandiya eksperiment üçün bütün vətəndaşlarına birdəfəlik olaraq 800 avroya yaxın vəsait payladı, sonra bu, ciddi müzakirələrə səbəb oldu deyə hələlik eksperimenti saxladılar.
Sonra İsveçrədə hər bir vətəndaşa hər ay 2200 dollar paylamaq məsələsi gündəmə gəldi, referenduma getdilər, əhalinin 56%-i bunun əleyhinə səs verdi, havayı pul almaqdan imtina etdilər.
Belə eksperimentlər həmişə olub, bu gün pandemiya dövründə yenidən bir çox ölkə vətəndaşlarına pul paylayır və şərtsiz baza gəliri məsələsi yenidən aktuallaşır. Əslində o pul əhalinin ilkin tələblərini ödəyir, məqsəd həm də biznesə dəstəkdir – istehlak canlanır, tələb artır, istehsal yüksəlir, biznes inkişaf edir, ölkə iqtisadiyyatı işə düşür, vergilərdən daxilolmalar yüksəlir, deməli, əhaliyə daha çox ilkin baza gəliri ödəməyə imkanlar artır”.