Prezident İlham Əliyev aprelin 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə video bağlantısı formatında iclas keçirib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı əsasən koronavirus pandemiyası ilə bağlı vəziyyətdən danışıb: “İlkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır, yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur.
Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. Vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı. Əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi bizim düzgün siyasətimizi əks etdirir. Son üç-dörd gün ərzində müsbət dinamika var. Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir.
Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaq. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, operativ qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.
Karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada – mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq”.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 149 minə yaxın adam ölüb.
Azərbaycanda 1340 nəfər koronavirusa yoluxub, onların 528-i müalicə olunaraq sağalıb, 15-i dünyasını dəyişib.
İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
Aprelin 5-dən hərəkət məhdudiyyətlərini nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunur. Vətəndaşların böyük əksəriyyəti yaşayış yerini SMS-lə icazə alıb tərk edə bilər.
Məhdudiyyətlər aprelin 20-dək qüvvədədir.