2019-cu ilin dekabrında Çində pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi üzə çıxaraq 210 ölkə və əraziyə yayılıb, 126 mindən çox şəxs ölüb.
Azərbaycanda 1197 nəfərin koronavirus infeksiyasına yoluxması bilinib, onların 351-i müalicə olunaraq sağalıb, 13-ü dünyasını dəyişib, 833-ü xəstəxanalardadır.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
Aprelin 5-dən hərəkət məhdudiyyətlərini nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunur. Yalnız məhdud sayda icra hakimiyyəti orqanları əməkdaşlarının, deputatların və Milli Məclis Aparatı əməkdaşlarının; ombudsmanın və Ombudsman Aparatı əməkdaşlarının; dövlətə məxsus qurumların rəsmilərinin; dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının; səhiyyə orqanları və qurumlarının əməkdaşlarının; hüquq mühafizə, məhkəmə qurumları və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarının, vəkillərin; kütləvi informasiya vasitələri əməkdaşlarının; diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarının və onların yerli heyətinin, dövlət orqanları, dövlətə məxsus hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşlarının və daha bir neçə kəsimin təmsilçilərinin sərbəst hərəkətinə yol verilir.
Bütün digər şəxslər yaşayış yerini icazə əsasında tərk edə bilər.
Məhdudiyyətlər aprelin 20-dək qüvvədədir.
Novator.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev özünün “Facebook” səhifəsində yazır ki, hökumət üç ssenari üzrə addım ata bilər: karantin müddətinin uzadılması, yumşadılmış karantinin tətbiqi, karantinin tam ləğvi: “Son günlər yoluxmanın yayılma səviyyəsi azaldığı üçün karantin müddətinin daha 10 gün uzadılması məsləhət olardı.
Yumşadılmış karantin variantında isə kütləvi olmayan bəzi fəaliyyət sahələrinin işinə icazə verə bilər.
Məktəb və bağçaları aşmamaq şərti ilə karantinin tam ləğvi halında isə əhalinin hərəkətinə dair sərt şərtlər tətbiq etmək olar. Məsələn, ən azı ictimai nəqliyyatda, kütləvi tədbirlərdə maska taxılmasının məcburiliyi, sosial məsafənin təmin edilməsi… Əldə olunan nəticələrin qorunması çox vacibdir, ikinci dalğanın baş qaldırmasına yol vermək olmaz.
Karantinin müsbət rolu danılmazdır. Amma razılaşaq ki, məsələn, Bakıda mərkəzi küçələr istisna olmaqla digər yerlərdə karantin qaydalarına çox da əməl edilmir. Hətta bu vəziyyətdə bizdə yayılma səviyyəsi minimumdur. Burada ölkənin əlverişli təbiəti, insanların güclü immun sisteminin olması vacib rol oynayır. Ona görə də birinci ssenarinin, sonra isə üçüncü ssenarinin tətbiqini təklif edərdim”.