Natiq Cəfərli
Bu ilin aprel-may aylarında Azərbaycan ancaq büdcə vəsaitinin müxtəlif yollarla paylanmasına görə ayaqda qala biləcək, yəni acından ölən olmayacaq – həm büdcədən maaş, təqaüd, müavinət alanların sayı, həm də hökumətin sosial liftinə inanmayan cəmiyyətin daxili resurslar hesabına yaratdığı ailədaxili sosial liftlər ölkəni yaşadır.
Amma iki sual var: ailədaxili sosial liftlər nə vaxta qədər dəstək ola biləcək; bir də dövlət büdcəsinin üzərinə düşən xərclərin yeri necə doldurulacaq?
Əlimizdə real rəqəmlər olmadığından rəsmi rəqəmlərə istinad edərək modellər quraq.
Əhalimiz 10 milyon nəfərdir.
1,3 milyon nəfər təqaüd alır.
915 min nəfər dövlət sektorunda çalışır deyə maaşını almaqda davam edir.
400 min nəfərə müxtəlif sosial müavinətlər, 293 min nəfərə prezident təqaüdü verilir.
Bu insanların cəmi 2,9 milyon nəfər edir.
Son açıqlanan hökumət proqramı əsasında özəl sektorun koronavirusa görə qapadılan sahələrində çalışan 300 min nəfərin maaşını dövlət ödəyəcək.
Özəl sektorun qapadılmayan sahələrində təqribən 150 min nəfər çalışır, onlar da maaşlarını almaqda davam edəcəklər.
200 min nəfər işsiz vətəndaşa (zülmlə olsa da) iki ay 190 manat veriləcək.
Bu vətəndaşları da ümumi saya əlavə etsək, ölkədə 3 milyon 600 minə yaxın insan hər ay az-çox pul alacaq. Ölkənin bütün iqtisadi aktivliyi, ticarət dövriyyəsi yaxın 2 ayda bu şəxslərin əsasən büdcədən aldığı pul üzərinə inşa edilib.
Məmləkətin uzun illər səhv və elmsiz idarə edilməsi ölkədə dövlət iqtisadiyyatının ən eybəcər formasının təsis olunmasına gətirib – orqanik iqtisadi institutlar yaradılmayıb, bazar iqtisadiyyatının adı var, özü yoxdur, dövlət-məmur iqtisadiyyatı qurulub.
İndi bütün yük büdcə üzərinə düşüb, büdcənin də formaşdırılmasında neft gəlirləri 60%-dən çox rol oynayır.
2020-ci ilin büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat nəzərdə tutulub.
11 milyard 350 milyon manat sırf Dövlət Neft Fondundan transfertdir. Bu məbləğdə problem yoxdur – neft 10 dollar da olsa, həmin məbləğ büdcəyə köçürüləcək.
Büdcənin təqribən 12%-i neft şirkətlərindən gələn müxtəlif təyinatlı vergi ilə dolmalıdır. Vergi daxilolmaları neftin barrelinin 55 dollar olması üzərindən hesablanıb. Neft şirkətləri büdcəyə təqribən 2,5 milyard manat vəsait köçürməli idilər. İndiki qiymətlərlə onların vergi ödəmələri ən yaxşı halda 1 milyard manat azalacaq.
Fiziki şəxslərin gəlir vergisindən büdcəyə 1 milyard 175 milyon manat daxil olmalıdır – yəni neftin pulundan dövlət sektorunda çalışanlara maaş verirlər, onlar da həmin pulun 14%-ni büdcəyə qaytarırlar. Bu vəsaitdə cüzi azalma mümkündür.
Özəl sektor gəlir vergisi verməsə də, Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürməli idi – həmin köçürmələrdə ciddi daralma olacaq.
Bu il büdcəyə əlavə dəyər vergisindən (ƏDV) 4 milyard 735 milyon manat daxil olmalıdır – amma bu proqnoz yerinə yetməyəcək. Çünki qeyri-ərzaq satışı minimuma düşüb, çox sahə tam qapadılıb, iqtisadi aktivlik və xarici ticarət zəifləyib. İndidən nə qədər azalma olmasını demək çətindir, amma söhbət ən azı 1 milyard manatdan gedəcək.
Dövlət Gömrük Komitəsinin də yığdığı ƏDV var – bu il 2 milyard 705 milyon manat ƏDV və 900 milyon manat rüsum yığılmalıdır. İqtisadi aktivliyin dibə vurması, sərhədlərin bağlı olması bu proqnozun da azı 500 milyon manat kəsirlə yerinə yetiriləcəyini söyləməyə imkan verir.
Bu il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 840 milyon manat nəzərdə tutulub – karantin rejimini nəzərə alsaq, bu proqnozun da özünü doğrultmayacağı aydındır, daxilolmalar azı 100-150 milyon manat azalacaq.
Qısası, büdcəyə nəzərdə tutulmuş daxilolmalar bütün istiqamətlər üzrə azalacaq, amma büdcə xərcləri indidən 2,5 milyard manat artırılıb. Sadə dillə desək, büdcəyə daha az vəsait daxil olacaq, amma daha çox xərcləmələr məcburiyyəti yaranacaq. Bəs bu pullar haradan alınacaq? Belə bəsit iqtisadi sistemi olan məmləkətimizdə pulun bircə mənbəyi var – Neft Fondu. Deməli, Neft Fondundan daha çox vəsait xərcləməyə məcbur olacaqlar.
Məncə, may-iyun aylarında Milli Məclis büdcəyə yenidən baxmalı, gəlir və xərclər bölümünə əl gəzdirməli olacaq. Sırf infrastruktura xərclənəcək vəsaiti azaldıb sosial xərcləri artırmaq olardı – amma bu da mümkün deyil: iqtisadi aktivliyin böyük bir hissəsi büdcə xərclərinə görədir, həm də bu xərclər siyasi loyallığın təminatıdır…
Müəllifin başqa yazıları: