Koronavirus pandemiyası Avropada böhran yaradıb. Siyasətçilər virusla mübarizə məqsədilə tətbiq edilən xüsusi rejimləri, fövqəladə vəziyyətləri araşdırarkən nə qənaətə gəlirlər? Avropa Birliyinin üzvü olan ölkələrdə hakim partiyalara böyük səlahiyyətlər verilib. İnternetlə yayılan dezinformasiyaları təkzib etməkdən tutmuş həyata keçirilməli olan başqa təcili tədbirlər Avropa Birliyini misli görünməmiş çətinliklərlə üzləşdirib.
Çoxumuz hərəkət azadlığımızı müvəqqəti olaraq virusla mübarizəyə qurban vermişik. Amma bu “marşrut” xalqların rifahını qorumağa çalışan ayrı-ayrı dövlətləri hara aparıb çıxaracaq?
Novator.az xəbər verir ki, Avropa Birliyində dəyərlərin və şəffaflığın qorunmasına cavabdeh olan komissiyanın sədr müavini, çexiyalı siyasətçi Vera Yourova “Euronews” kanalının “Qlobal söhbət” verilişində bu məsələlərdən danışıb.
O, əvvəlcə fövqəladə idarəçilikdən söz açıb: “Hazırda Avropa Birliyinin üzvü olan ölkələrin 20-də fövqəladə rejim hökm sürür. Hökumətlərin təhlükəli vəziyyətlərdə reallaşdırdığı tədbirlər onların gücünə güc qatır. Qayda belədir ki, hətta ən vacib tədbirlər də konkret bir tarixlə hüdudlanmalıdır. Yəni bu tədbirlərin son müddəti dəqiq bildirilməlidir. Eyni zamanda parlament həmin tədbirlərə ciddi nəzarət etməlidir. Başqa sözlə bu, vətəndaşların parlamentdəki təmsilçiləri vasitəsilə hadisələri nəzarətdə saxlaması deməkdir. Əlbəttə, media da öz işini görməlidir. Hazırda biz təkcə dediyim parametrləri yox, Avropa Birliyinə üzv dövlətlərdə föqəladə rejimlərin bütün cəhətlərini diqqətlə izləyirik”.
Vera Yourova bəzi hökumətlərin virusun haralarda yayıldığını bilmək üçün vətəndaşların mobil telefonlarını izləmək istəməsi və bunun Avropa Birliyində narahatlıq doğurub-doğurmamasından da danışıb. Onun sözlərinə görə, hələ ki, virusa görə telefonların izlənməsi halına rast gəlinməyib: “Buna vətəndaşların xüsusi razılığı olmalıdır. Amma hələ ki, bundan narahatlıq keçirməyinə dəyməz”.
“Norma kimi baxılan köhnə qaydaların sonu gəlibmi və koronavirus Avropa demokratiyasının mənzərəsini dəyişəcəkmi” sualına Vera Yourova belə cavab verib: “Hadisələr bir çox cəhətdən oyun qaydalarının dəyişməsinə doğru gedir. Optimistlər deyirlər ki, böhrandan sonra biz xüsusilə rəqəmsal texnologiyalar baxımından yeni nəsə yaratmalıyıq. Bu, yeni dinamika deməkdir. Amma iddia edə bilərəm ki, biz demokratiya, qanunun aliliyi və əsas hüquqlar məsələsində yenidən köhnə normalara, əvvəlki qaydalara qayıdacağıq. Çünki bu sistem həmişə olduğu kimi aktualdır.
Diktaturalar insanlığın düşmənidir, bunu tarix sübuta yetirib. Diktatura ilə mübarizədə çoxlu qurbanlar verilib. Odur ki, biz demokratiyanı qorumaq üçün Avropa Birliyinin hər biri müstəqil qərar vermək hüququ olan üzvlərində hakimiyyət səlahiyyətlərinin (fövqəladə səlahiyyətlərin) məhdudlaşdırılması metodunu saxlamağa ciddi cəhd etməliyik. Geriyə qayıtmaq barəsində son sözüm budur: fövqəladə idarəçilik o demək deyil ki, demokratik sistemdən kənara çıxmalıyıq. Koronavirus demokratiyanı öldürə bilməz”.
Avropa Birliyi zəmanət verə bilərmi ki, qanunun aliliyi prinsipi pandemiyaya qurban getməyəcək? Bu sualı Vera Yourova belə cavablandırıb: “Məncə, biz Avropada əsas qanunları və demokratiyanı öldürmədən də koronavirusa qalib gələcəyik. Sadəcə bir qədər gözüaçıq olmalı və qabaqlayıcı tədbirlər görməliyik”.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb. Dünyada 100 mindən çox insan bu xəstəlikdən dünyasını dəyişib. ABŞ-dan sonra ən çox ölüm halları Avropa ölkələrində qeydə alınıb. İndiyədək İtaliyada 19 minə yaxın, İspaniyada 16 mindən, Fransada 13 mindən, Belçikada 3 mindən çox, Almaniyada, Niderlandda 3 minə yaxın, İsveçrədə minə yaxın adam koronavirusdan ölüb. Digər Avropa ölkələrində ölümlərin sayı yüzlərlə və ya onlarla ölçülür.
Azərbaycanda ümumən 1000 nəfərə yaxın koronavirusa yoluxub, 10 nəfər həyatını itirib. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
İlkin Nizami