Baş nazir Əli Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlərə sərəncam verib.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il fərmanı ilə yaradılan fondun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Qurumun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir.
Baş nazirin 11 aprel sərəncamına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılır. Şuraya Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 və operativ qərargahı təmsil edən 2 nümayəndə daxil olur:
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Aydın İsayev – Maliyyə Nazirliyi Aparatının vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini-sektor müdiri
Rasim İsmayılov – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 103 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda ümumən 991 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb, 159 nəfər müalicə olunaraq sağalıb, 10 nəfər həyatını itirib.