Bir qrup siyasi təşkilat Nazirlər Kabineti yanında operativ qərargaha koronavirus pandemiyasının fəsadlarını azaltmaq təklifləri verib. Novator.az-ın məlumatına görə, müraciətdə əhalinin sağlamlığının qorunması sahəsində bu kimi işləri görmək təklif olunur: virusun aşkarlanması və ona qarşı tədbirlərin effektivliyinin artırılması üçün testlərin kütləviliyi, virusa yoluxmuş şəxslərin erkən mərhələdə aşkarlanması üçün əhalinin geniş təbəqələrinin müayinəyə cəlb olunması təmin edilsin; tibbi ləvazimatlar, xüsusilə də süni nəfəs avadanlıqları ilə təchizat gücləndirilsin və bu avadanlıqların ehtiyatı yaradılsın; İran, Rusiya və Gürcüstanla sərhəddə səyyar karantin çadırları ləğv edilsin və həmin yerlərdə karantində saxlanan vətəndaşlar normal şəraiti və tibbi təchizatı olan məkanlara köçürülsün, gələcəkdə də bənzər epidemiyaların baş verəcəyi ehtimalı nəzərə alınaraq ölkənin sərhəd qapılarında infeksion xəstəxanalar və karantin-təcrid infrastrukturu yaradılsın; epidemiyalar və xüsusi karantin rejimi dövrlərində 65 yaşdan yuxarı əhalinin tibbi və sosial ehtiyaclarının ödənməsi üçün yaradılmış xüsusi xidmət qruplarının sayı və işi əhəmiyyətli dərəcədə yaxşılaşdırılsın, bu məqsədlə xüsusi zonaların yaradılması nəzərdə tutulsun.
Siyasi qurumlar əhalinin sosial təminatı sahəsi üzrə də təkliflər irəli sürür: karantin rejiminin tətbiqi nəticəsində gəlir mənbəyindən məhrum olmuş şəxslər üçün fərdi dəstək proqramı çərçivəsində böyüklərə 250 manat, 18 yaşdan aşağı uşaqlara 125 manat birdəfəlik və müddətli (2-3 və ya 6 aylıq) yardım müəyyən edilsin; kommunal ödənişlərə görə güzəştlər tətbiq olunsun, işıq, qaz və suyun güzəştli qiymətlə ödəniş limiti artırılsın, kommunal təchizatın borca görə dayandırılmasına, ödəmənin ləngiməsinə görə çərimə faizləri hesablanmasına yol verilməsin.
Təkliflər arasında işsizlərin, ünvanlı sosial yardım alanların, bütün növ pensiyaçıların, güzəştli qruplara daxil olan şəxslərin, müddətli hərbi xidmət qulluqçularının ailələrinin aprelin 1-dən hesablanmaq şərti ilə kommunal ödənişlərdən 3 ay və ya 6 ay müddətində azad edilməsi; ehtiyac meyarının həddinin 160 manatdan 190 manata çatdırılması; rəsmi qeydiyyata alınan bütün işaxtaranlara və işsiz statusu olanlara, eləcə də pandemiyanın təsirindən işini itirənlərə minimum əməkhaqqı səviyyəsində sığorta haqqı ödənməsi; minimum pensiyanın məbləğinin 250 manatadək, minimum əməkhaqqının məbləğinin 300 manatadək artırılması; bütün növ aylıq müavinətlərin məbləğinin 50 faiz və birdəfəlik müavinətlərin məbləğinin 2 dəfə artırılması; məcburi köçkünlərə ödənən vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması və başqa təkliflər var.
Müraciəti bir neçə partiya və qurumun rəhbərləri imzalayıb.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 95 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda ümumən 926 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb, 101 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.