Gənc fəalları birləşdirən “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə həbs təhlükəsinin olduğunu bəyan edib. İlkin Rüstəmzadə “Turan”a deyib ki, aprelin 7-də Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları qeydiyyatda olduğu mənzilə gedərək onu soruşublar: “Evdən cavab veriblər ki, İlkin köçüb. Polislər bunun qanunsuz olduğunu deyərək karantin qaydalarını pozduğumu iddia ediblər. Halbuki mən yeni evə aprelin 2-də köçmüşəm”. (Aprelin 5-dən tətbiq olunan karantin qaydalarına görə, vətəndaş icazə almadan evdən çıxa bilməz).
İlkin Rüstəmzadə deyib ki, polisin onu axtarması bir neçə gün əvvəl tərtib etdiyi petisiya ilə bağlı ola bilər: “Mən koronavirusla bağlı karantin rejiminə görə petisiya yaymışam. Petisiyada karantin dövründə dövlətin vətəndaşlara 300 manat sosial müavinət verməsi, kommunal ödənişlərin və bank ödəmələrinin dayandırılması istəyi yer alır”.
Fəal qeyd edib ki, polis əməkdaşları aprelin 8-də də qeydiyyatda olduğu mənzilə gediblər, atası Bəkir Xəlilovu 34-cü bölməyə aparıblar: “Bunu biləndə atama zəng vurdum. Polis əməkdaşı telefonu atamdan alaraq bildirdi ki, bölməyə gəlməliyəm. Dedi söhbət etmək istəyirlər. Amma mən buna inanmıram. Söhbət etmək istəyirlərsə, evimə çağırış vərəqəsi göndərsinlər”.
Fəal “Facebook” səhifəsində yaydığı məlumatda hazırda olduğu evin polis mühasirəsinə alındığını bildirib.
1992-ci il təvəllüdlü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunaraq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 16-da əfv olunub.