Azərbaycanda daha 105 nəfər koronavirus infeksiyasına yoluxub, 19 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahın 8 aprel brifinqində belə məlumat verilib.
Hesabata görə, ölkədə ümumən 822 nəfərin koronavirusa yoluxduğu üzə çıxıb, 63 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfər xəstəxanalardadır, 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210-a yaxın ölkə və əraziyə yayılıb, 83 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, əksər ticarət məkanları, məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.