Strateji idarəçilik məsələləri üzrə ixtisaslaşan “McKinsey” beynəlxalq məsləhət şirkəti qlobal iqtisadiyyatın perspektivi ilə bağlı iki proqnoz hazırlayıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, optimist ssenaridə iqtisadi çökmə maksimum bir rüb davam edir və 2020-ci ilin ikinci rübünün sonunda koronavirus pandemiyası üzərində qələbə nəticəsində payıza doğru dünya iqtisadiyyatı özünə gəlməyə başlayır.
Bu ssenariyə əsasən, ən az itki ilə Çin, ən böyük itki ilə Avropa üzləşir, ABŞ da böhrandan hiss olunacaq səviyyədə təsirlənir, qlobal iqtisadiyyat cəmi 1,4% kiçilir.
Bədbin proqnoza görə, qeyd olunan vaxtda pandemiyanı cilovlamaq mümkün olmur. Bu halda Çinin 2021-ci ilin ortalarından, ABŞ və Avropanın isə 2023-cü ildən tez özünə gəlməsi gözlənmir. Belə ssenaridə hökumətlərin dəstək paketinin effektivliyi önəmli olacaq. Səmərəli nəticə olmasa, çoxsaylı banklar və şirkətlər müflisləşmədən yaxa qurtara bilməyəcək.
Hesabat müəllifləri bildirir ki, davamlı böhranlarla üzləşən inkişaf etməkdə olan ölkələrin əhalisi pis ssenarinin nəticələrini daha asan qarşılayacaq. Yüksək həyat standartlarına uyğunlaşmış qabaqcıl ölkələrin əhalisi üçün yaranmış durum isə şok effekti yaradacaq – 1939-1945-ci illərin İkinci Dünya savaşından bəri görmədikləri bir durum”.
1926-cı ildə ABŞ-da yaradılan “McKinsey” şirkətinin 60-dan çox ölkədə ofisi var.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 210-na yaxın ölkə və əraziyə yayılıb, 74 mindən çox şəxs dünyasını dəyişib.
Ölkələr infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədləri, iş yerlərini qapadıb, dünya iqtisadiyyatı böhrana yön alıb.