Aprelin 6-da prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
Nəticədə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Bu sərəncam koronavirus infeksiyası ilə əlaqəlidir. 2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi 200-dən çox ölkə və əraziyə yayılıb, 70 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda 641 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib. Onların 44-ü müalicə olunaraq sağalıb, 7-si vəfat edib, 590-ı xəstəxanalardadır.
Ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, ticarət məkanları (supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla), bir çox məişət xidməti yerləri bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi qadağan olunub, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması isə tam yasaq olunub.
Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı sərəncamda deyilir ki, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumlar və onların ailə üzvləri dövlət başçısına əfvlə bağlı müraciətlər ünvanlayıblar. Sərəncamda prezident əfvi məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını və humanizm prinsiplərini nəzərə alaraq verdiyini vurğulayır.