Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan hakimiyyətinin koronavirus pandemiyası dövründə repressiyalar apardığını bəyan edib. Qurumun bəyanatında qeyd olunur ki, martın 22-də müxalifətin tanınmış simalarından biri, keçmiş siyasi məhbus, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu şərlənərək qurama xuliqanlıq ittihamı ilə tutulub, onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib: “Sumqayıtda hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd də həbs olunub. Onu martın 30-da qurama oğurluq ittihamı ilə saxlayıblar, bir gün sonra isə məhkəmə qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Elçin Məmməd həbsindən bir müddət əvvəl Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətdə olduğuna dair hesabat yaymışdı.
Cəlilabad rayonundan AXCP Ali Məclisinin üzvü Anar Məlikov və Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev müxtəlif saxta ittihamlarla müvafiq olaraq 10 və 30 sutkalıq həbs ediliblər. Anar Məlikov karantin yerlərində vəziyyətlə bağlı yazılarından sonra, Samir Babayev isə Bakıda koronavirusa görə camaata pulsuz tibbi maska paylayarkən tutulub.
Ölkə rəhbərliyinin ünvanına tənqidi çıxışına görə İntiqam Bayramov adlı vətəndaş 30 sutka inzibati həbsə məhkum edilib. İntiqam Bayramov zibilliklərdən plastik əşyalar toplayaraq satmaqla günlük xərclərini qarşılamağa çalışan şəxs imiş və həbsindən bir gün qabaq elə zibilxanadan videoçəkilişdə ölkə rəhbərliyinə tənqidi fikirlər səsləndirib.
Zibilliklərdən plastik əşyalar və karton parçaları toplayıb satmaqla ailəsini dolandıran üç uşaq atası, AXCP üzvü Aqil Hümmətov isə sərt tənqidlərinə görə ruhi əsəb dispanserinə salınıb.
Martın ilk yarısında Müsəlman Birliyi Hərəkatının üzvlərindən şair Elvin Muradov (Mürvətoğlu imzası ilə tanınır) hərəkatın məhbus sədri Taleh Bağırov haqqında mahnı oxuduğuna (və ümumən mövqeyinə) görə qanunsuz silah saxlama ittihamı ilə saxlanıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Şirvan şəhərində Araz Quliyev adlı Qarabağ qazisi internet televiziyalarının birində ölkə rəhbərliyinin ünvanına tənqidi çıxışından və üzv olduğu Yeni Azərbaycan Partiyasının biletini cırıb atandan sonra tutularaq saxta ittihamla 30 sutka inzibati həbsə məhkum edilib.
AXCP üzvləri Təzəxan Mirələmli (o həm də jurnalist, “Azadlıq” qəzetinin əməkdaşıdır və Zamin Salayevə qarşı hakimiyyətin məqsədli şəkildə təşkil etdiyi əsassız şikayətlər əsasında cinayət işləri açılıb.
Faktlar göstərir ki, Azərbaycan hakimiyyəti qlobal pandemiya ilə bağlı yaranmış vəziyyəti fürsət bilərək ölkədə avtoritar və repressiv rejimi gücləndirmək, müxalif mövqeli insanları və tənqidçi səsləri tamamilə susdurmaq istəyir. Milli Şura hakimiyyətin belə antiinsani, xalqa zidd və ölkənin maraqlarına ciddi ziyan vuran dəsti-xətt seçməsini qətiyyətlə pisləyir və dərhal bundan imtina olunmasını, bu müddətdə həbs edilənlərin sərbəst buraxılmasını, təqib və təhdidlərin dayandırılmasını tələb edir”.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.