
İybilmə qabiliyyətinin itməsi koronavirusa yoluxmadan soraq verə bilər
Bir qrup həkim məsləhət görür ki, iy və dadbilmə qabiliyyətini itirənlər, hətta başqa simptomlar görünməsə belə izolyasiya edilsinlər.
Koronavirusa yoluxmuş ana körpəsinin batırdığı bələyin iyini hiss eləyə bilmirdi. Restoran yeməklərindəki hər cür ədviyyatın adını gözüyumulu deyən aşpaz isə adi sarımsaq və ya körinin dadını bilmir, ona yemək dadsız gəlirdi. Bəziləri də şampun ətrini, hətta pişik nəcisinin dözülməz iyini hiss eləmədiklərini deyirdilər.
Anosmiya, yəni iybilmə qabiliyyətinin itməsi, bunun ardınca gələn agevziya (ageusia), yəni dadbilmənin azalması koronavirusun yaratdığı Kovid-19 xəstəliyinin özünəməxsus xəbərçisi və yoluxmanın dəlili kimi meydana çıxır.
Bazar ertəsi Britaniyanın ORL həkimləri dünya boyu həmkarlarının verdikləri məlumatlardan
sitatlar gətirməklə belə bir müraciət ediblər ki, iybilmə və dadbilmə qabiliyyətini
itirən yetkin yaşlılar, hətta başqa simptomlar olmasa belə xəstəliyin yayılmasını
əngəlləmək üçün özlərini bir həftəliyə evə qapasınlar.
Nəşr olunmuş data yetərli deyil, ancaq həkimlər hesab edirlər ki, xəbərdarlıq eləməyə dəyər.
“Biz gerçəkdən istəyirik həyəcan təbili çalaq ki, bu yoluxma əlamətidir və iybilmə, dadbilmə qabiliyyətini itirən hər kəs guşənişin olmalıdır”. Bunu Britaniya Rinoloji Cəmiyyətinin prezidenti professor Kleər Hopkins (Claire Hopkins), e-mailində yazır. “Bu, yoluxmanı ləngidər və insanların həyatını xilas edər”.
O, Britaniyanın burun-boğaz-qulaq həkimlərini birləşdirən təşkilatın (ENT UK) prezidenti Nirmal Kumarla birgə bəyanat imzalayaraq səhiyyə işçilərinə səslənir ki, iybilmə qabiliyətini itirmiş istənilən pasiyenti müalicə edərkən qoruyucu qurğulardan istifadə eləsinlər və yersiz sinus endoskopiyasından çəkinsinlər. Çünki virus burun və boğazda çoxalır, endoskopiya proseduru pasiyentin öskürməsinə və asqırmasına səbəb olur, bu zaman isə tibb personalı böyük miqdarda virusa tuş gəlir.
Hopkinsin sözlərinə görə, Britaniyanın burun-boğaz-qulaq həkimləri arasında koronavirusa yoluxanlardan ikisinin vəziyyəti çox ağırdır. O deyir ki, koronavirusun ilk dəfə meydana çıxdığı Vuhan şəhərindən (Çin) əvvəllər gəlmiş məlumatlar burun-boğaz-qulaq və göz həkimləri arasında yoluxma və ölüm hallarının yüksək olduğunu göstərir.
Britaniya həkimləri başqa ölkələrdən gəlmiş məlumatlara istinadla bildirirlər ki, koronavirusa yoluxmuş pasyeintlərin çoxunda anosmiya qeydə alınıb. Məsələn, geniş testlər aparılmış Güney Koreyada testdən pozitiv çıxan 2000 pasiyentin 30 faizində anosmiya əsas simptom kimi qeydə alınıb (yoluxma dərəcəsi orta idi).
Amerika Otolarinqologiya Akademiyasının bazar günü öz saytnda yaydığı məlumata görə, məzəli dəlillərin çoxalması onu göstərir ki, iy və dadbilmə hissinin itirilməsi və ya korşalması Kovid-19 ilə bağlı vacib simptomlardır və onlar başqa simptomu olmayan belə pasiyentlərdə pozitiv testlər çıxdığını görüblər. Akademiyanın bildirdiyinə görə, allergiya və sinusitlər olmadan belə simptomların meydana çıxması həkimlər üçün virus barədə həyəcan təbili olmalıdır. Həkimlər özünüizolyasiya barədə düşünməli və belə pasiyentləri yoxlamadan keçirməlidirlər.
Akademiya öz üzvlərinə xatırladıb ki, Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi klinikalarda çalışanların hamısına qarşıdakı həftələrdə təcili yardım çağrışlarına üstünlük verməyi, adi prosedurları ertələməyi məsləhət görüb.
“Yuxarı tənəffüs yollarını əməliyyat və ya müayinə eləyən otolarinqoloqların yüksək risk qrupunda olması barədə getdikcə daha çox dəlil toplanır” – akademiyanın saytında cümə günü yayılmış məlumatda belə deyilir. “Kovid-19-un otolarinqoloqlar arasında keçmə dərəcəsinin yüksəkliyi barədə Çin, İtaliya və İrandan məlumatlar gəlib və bu halların çoxu ölümlə nəticəlnib”.
Rutqersdəki otolorinqologiya kafedrasının professor köməkçisi doktor Reyçl Key (Rachel Kaye) deyir ki, epidemiyanın mərkəzində olan Nyu-Roşeldəki həmkarları iybilmənin itirilməsinin koronavirusla bağlılığı barədə ona ilk xəbərdarlıq edənlərdən olublar. Onlar belə bir məlumatı bölüşüblər ki, anosmiyadan şikayətlənənlər sonradan koronavirus testindən pozitiv çıxıblar. “Bu, şəxsən mənim üçün əməlli-başlı həyəcan siqnalı idi”. Keyin sözlərinə görə, belə pasiyentər adətən özlərini karantinə almazlar. “ORL həkimlərinin çoxu bunun təsirini azaltmağa girişiblər”. O, əlavə edir ki, Rutqersdəki kafedrada artıq personal qoruyucu vasitələrdən istifadə eləyir və vacib olmayan müayinələri təxirə salır.
İtaliyanın virusdan ən çox əziyyət çəkən bölgələrində həkimlər bu nəticəyə gəliblər ki, dad və iybilmə qabiliyyətini itirən, ancaq sağlam görünən adamlar əslində virusu daşıyırlar və bəlkə də başqalarını yoluxdururlar.
Breskianın baş xəstəxanasında kardiologiya fakültəsinə başçılıq eləyən doktor Marko Metra deyir: “Bu, demək olar ki, xəstəxanaya düşənlərin hamısının başına gəlib. Bu xəstəxanadakı 1200 pasiyentdən 700-ü koronavirusdan müalicə olunur. “Siz pasiyentin arvadı və ya əri haqda soruşursunuz. Və pasiyent deyir ki, mənim yoldaşımda hər şey qaydasındadır, sadəcə dadbilməni və iybilməni itirib. Deməli, o yoluxub və bunu orta ağırlıqda başqalarına da yoluxdurur”.
Koronavirusa görə geniş testlərin aparıldığı Güney Koreyada testdən pozitiv çıxan 2000 pasiyentin 30 faizində anosmiya qeydə alınıb. Almaniyanın Bonn Universitetinin virusoloqu Hendrik Strik Haynsberq rayonunda qapı-qapı gəzərək koronavirus pasiyentlərindən müsahibələr alıb. O deyir ki, orta dərəcədə virusa yoluxan100-dən çox adamla danışıb və onların üçdə ikisi iy və dadbilmə qabiliyyətini bir neçə günlüyə itirdiklərini deyiblər.

Foto: Ognen Teofilovski / “Reuters”.
Almaniyada koronavirusa yoluxmuş bir xeyli pasiyenti öyrənən başqa bir alim e-maillə bildirib ki, pasiyentlərin demək olar ki, yarısında iy və dadbilmə qaydasında deyildi və sensor qabiliyyətin itməsi tənəffüs xəstəliklərinin ilk simptomlarından sonra gəlir, ancaq test olunacaq adamları müəyyənləşdirmək üçün bundan istifadə oluna bilər.
Münxendəki Lüdviq-Maksimilian Universitetinin Akademik Təlim Hospitalının tibb
professoru doktor Klemens Vendtner deyir ki, pasiyentlərdə bir neçə gündən və
ya həftədən sonra iy və dadbilmə qabiliyyəti bərpa olunur və bu qabiliyyətin
itməsi onların nə dərəcədə ağır xəstə olması və ya boğulmaları ilə bağlı
deyildi. Burun damcıları buna kömək eləmirdi. Amerikada koronavirus simptomları
olan, ancaq hələ test nəticəsi gözləyən onlarla pasiyent dad və iybilmə
qabiliyyətini itirdiyini bildirib, hərçənd burunları tutulmayıb.
10 gün qabaq 30 yaşlı Endryu Berrinin (Andrew Berry) istiliyi qalxıb, bədəni qaşınmağa başlayıb, boğazı gəlib, üzücü başağrıları başlayıb. Onda qrip testi neqativ çıxıb, koronavirus testi 4 gün qabaq götürülüb, nəticəni gözləyir. Onun həkimi əmindir ki, onda virus var. Berri deyir ki, o indi qəhvənin iyini bilmir.
“Hətta burnum tam təmiz olanda anlayıram ki, bişirdiyim yeməyin iyini və dadını hiss eləmirəm” – bunu Floridanın Orlando şəhərindən tatu sənətçisi cənab Berri deyir. O, soğan və sirkəli göyərti bişirirdi, ancaq deyir ki, yeməyin iyini tuta bilmir.
Bruklinli qadın Eymi Platmiyer (Amy Plattmier) bu yaxınlarda xəstə olan zaman koronavirus testindən keçməyib, ancaq onun əri xəstələnib və testi pozitiv çıxıb. Platmiyer deyir ki, bir qayda olaraq onun burnu iyə qarşı çox həssasdır, ancaq indi güc-bəla ilə iy duyur, rəfləri təmizləmək üçün istifadə elədiyi yuyucunun iyi onun ürəyini bulandırardı, ancaq indi onu hiss eləmir. İti tualetə gedəndən sonra oranı təmizləyəndə heç bir iy gəlmir. Berri həmçinin bir az arıqlayıb, çünki iştahı küsüb. O deyir: “Ümid edirəm ki, bunun effekti sürəkli olmayacaq… Mən bunun həyatımı keyfiyyətcə dəyişəcəyini təsəvvür eləmək belə istəmirəm”.
Roni Keren Rabin (Roni Caryn Rabin)
“Nyu-York Tayms” qəzeti, 23 mart, 2020
Londondan Devid Kirkpətrik (David Kirkpatrick) bu məqaləyə töhfə verib.
Məqaləni Azərbaycan dilinə tərcümə etdi: Rövşən Əliyev