General-mayor Qabil Məmmədov koronavirus infeksiyasının qarşısının alınması məqsədilə görülən tədbirləri sərtləşdirməyə və ölkədə hərbi vəziyyət elan etməyə çağırır.
Novator.az-ın məlumatına görə, general martın 27-si “Facebook” şəbəkəsində yazıb ki, infeksiyanın qarşısını almaq üçün hökumətin gördüyü tədbirlər lazımi effekt vermir, ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda davam edir. Qabil Məmmədovun fikrincə, əslində buna görə ilk növbədə bir vətəndaş olaraq özümüz günahkarıq: “Çünkü bütün tövsiyə və qadağaları qulaqardına vururuq. Bu minvalla davam etsək, bizi fəlakət gözləyir. Belə olan təqdirdə hökumət daha radikal addımlar atmalıdır. Bir vətəndaş kimi hökumətə bunları təklif edərdim:
– ölkədə hərbi vəziyyət elan olunsun, hərbi idarəetmə orqanları yaradılsın;
– işinin öhdəsindən gələ bilməyən məmurlar dərhal tutduqları vəzifədən kənarlaşdırılsın;
– Milli Qvardiya və Daxili Qoşunların heyəti polislə bərabər patrul fəaliyyətini gücləndirsin;
– maddi cəhətdən təminatsız qalmış ailə və insanlar dövlət təminatına götürülsünlər;
– ərzaq məhsulları və həyati baxımdan digər strateji məhsulların bu günə olan ehtiyatı, istehsalı və paylanışı çox ciddi uçota götürülsün;
– metro bağlansın;
– fəaliyyət göstərən müəssisə və strukturlarda gigiyenik və sanitar-epidemioloji tədbirlər, nəzarət gücləndirilsin;
– tibbi karantin mərkəzləri ləğv edilsin və xəstəliyə yoluxmuş sakinlər müalicəni öz evlərində alsınlar;
– şəhər və rayonlar tibbi baxımdan inzibati sahələrə bölünsün və hər sahəyə cavabdeh olacaq tibbi qruplar öz nəzarətlərində olan xəstələrin müayinəsini, dərmanla təminatını həyata keçirsin. Əks halda xəstələrin sayının çoxalacağı təqdirdə onlar üçün nə yer, nə də tibbi heyət tapmaq olacaq. Olsa belə, həmin yerlərdə nəzarətsizlik və antisanitariya baş alıb gedəcək və nəticədə həmin yerlər epidemiya yayan ocaqlara çevriləcək;
– müalicə müəssisələrinə yalnız xaricdən gələnlər, tənha (baxımsız) insanlar yerləşdirilsin;
– hər bir rayon və sahədə vəfat etmiş insanları evdən aparıb dəfn etmək üçün qruplar yaradılsın. Bu işə polislər, Daxili Qoşunlar, Milli Qvardiya və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, din xadimləri aktiv cəlb edilsin;
– ordunun şəxsi heyəti arasında epidemiyanın yayılmasının qarşısını almaq üçün şəxsi heyət əsgərindən tutmuş generalınadək tam şəkildə kazarma vəziyyətinə keçirilsin.
Qabil Məmmədovun fikrincə, adamların müalicəsi evlərdə təşkil edilsə, hökumətin təminat və təchizatla, tibbi personalla bağlı işləri asanlaşar və nəticədə effektiv olar: “Əks təqdirdə bizlərdə xaos yarana bilər”.
General telekanallarda ev şəraitində təşkil olunacaq müalicənin aparılması qaydaları, hər bir ünvana cavabdeh olan tibbi qruplarla əlaqə haqqında verilişlərin yayımlanmasını, sahələr üzrə cavabdeh tibbi qrupların sutka boyu növbədə qalmasını və gündə bir dəfə lazımi dərman və digər ləvazimatları özləri ilə götürməklə xəstələrə baş çəkməsini, eyni zamanda xəstələrdən rüşvət istəyənlərin, ölkədə süni qıtlıq yaradanların və qiymətləri qaldıranların hərbi qanunlarla mühakimə olunmasını təklif edir: “Əhali həmrəylik və ayıq-sayıqlıq göstərməli, təyin olunacaq qaydalardan kənarlaşan vətəndaş və vəzifəli şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil edəcəyi çağrı mərkəzinə məlumat ötürməli, karantin rejiminin təminatına kömək göstərməlidir”.
Qabil Məmmədov vurğulayır ki, bu virus bizə ziyan vurduğu kimi bizi birləşdirə və həmrəy də edə bilər: “Bir millət kimi formalaşmağımızda, bir yumuruq kimi birləşməyimizdə əvəzsiz rol oynaya bilər. Hər şey özümüzdən asılıdır. Biz bu ağır dövrdə milli dəyər və ənənə yaratmalıyıq. Allahımız bizi sınağa çəkir. Güc birlikdədir”.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi dünyanın əksər ölkəsinə yayılıb, 24 mindən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda ümumilikdə 122 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 15-i sağalıb, 3-ü vəfat edib. Hazırda 104 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə müalicə alır.
İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə ölkədə martın 3-dən bütün təhsil müəssisələri bağlanıb, martın 14-dən sosial izolyasiya tədbirləri qüvvəyə minib, kütləvi tədbirlər təxirə salınıb, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb, toy məclislərinin keçirilməsi qadağan edilib, dəfn mərasimləri istisna olmaqla mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub, tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti qadağan edilib.
Fevralın 29-dan İrana, martın 14-dən Gürcüstana, martın 15-dən Türkiyəyə, martın 18-dən Rusiyaya gediş-gəliş dayandırılıb.
Martın 19-da prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasına fərman verib. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Paytaxta və bir sıra digər şəhər və rayonlara giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək tövsiyə olunub.
Martın 26-da verilən rəsmi məlumata görə, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində 746 nəfər inzibati, 1 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.
Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Kiyevdə Ali Ümumqoşun Komandanlıq Məktəbini, Moskvada Hərbi Akademiyanı bitirib. 1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub. 2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb. 2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb. “Azərbaycan Bayrağı” ordeni kavaleridir.
Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanun 2017-ci il aprelin 5-də qüvvəyə minib. Qanuna görə, hərbi vəziyyət Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə; Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda; Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda elan edilə bilər.