Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ərazidə ümumilikdə 11 yaşayış binası inşa olunub, onların 4-ü 10 mərtəbəli, 7-si 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Onların 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i dördotaqlıdır. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.
Burada 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası da var.
Hövsan yaşayış kompleksi agentliyin ikinci layihəsidir. İlk layihə olan Yasamal yaşayış kompleksində mənzillərin satışı tam başa çatdırılıb, ümumilikdə 1654 ailə güzəştli mənzilə sahib olmaqla yaşayış şəraitini yaxşılaşdırıb.
Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. O deyib ki, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir: “Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir.
O ki qaldı bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin.
Bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur – 7 min mənzil veriləcək. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq”.
Dünyanı bürümüş koronavirus pandemiyası haqqında danışan dövlət başçısı qeyd edib ki, qabaqlayıcı tədbirlərin görülməsi sayəsində vəziyyət nəzarətdə saxlanır: “Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə – 500-600 insan vəfat edir. Yəni bu onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim çox konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da hazırlıq işlərinə başlamışdıq. Dərhal Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara müntəzəm olaraq məlumatlar verilir.
Eyni zamanda biz Dünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olublar. Onlar Azərbaycan hökumətinin gördüyü işlərə yüksək qiymət veriblər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.
Biz yeni laboratoriyalar almışıq. Yəqin hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıb.
Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulub. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.
Bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcək”.