Azərbaycanda koronavirus infeksiyasına daha 10 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın 19 mart məlumatına görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən pasiyentlər özlərini normal hiss edir, səhhətləri sabitdir.
İnfeksiyaya yoluxmuş həmin şəxslərin müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıtdığı vurğulanır.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 170-dən çox ölkəyə yayılıb, 9100-dən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda ümumilikdə 44 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 10-u sağalıb, 1-i vəfat edib. Hazırda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə müalicə alır.
Martın 19-da prezident İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasına fərman verib. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Qurumun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Vəsait bu mənbələr hesabına formalaşdırılır: dövlət büdcəsinin vəsaiti; fiziki və hüquqi şəxslərin könüllü ödəmələri; qanunla qadağan olunmayan digər mənbələr.
Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.
Qurumun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Prezident bu müddəti uzada bilər.
Dövlət başçısının həmin gün imzaladığı sərəncama əsasən isə koronavirus infeksiyası fonunda dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılır.
Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat nazirinin rəhbərliyi ilə işçi qrup yaradılır. İşçi qrup on beş gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli; pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb, həmçinin hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə nazirinin rəhbərliyi ilə yaradılan başqa bir işçi qrupa iyirmi beş gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinə; sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan işçi qrup bir ay müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi; yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi; ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi barədə təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin rəhbərliyi ilə yaradılan işçi qrup iki ay müddətində pandemiyanın bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirməli; Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər; ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər barədə təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti işçi qrupların rəhbərlərinin təklifləri əsasında hər bir işçi qrupun tərkibini iki gün müddətində təsdiq etməli; işçi qruplardan daxil olan məlumatların mütəmadi müzakirəsini təşkil etməli, həmin işçi qrupların fəaliyyətini əlaqələndirməli, verilmiş təklifləri ümumiləşdirərək vahid tədbirlər planını təsdiq etməlidir.