Mərkəzi Bank koronavirus infeksiyasının pul nişanları vasitəsilə də yayılması barədə iddialarla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Mərkəzi Bankın həyata keçirdiyi tədavüldə kommersiya banklarına qarşı xüsusi tələblər müəyyən edilib, onlara daxil olan nağd pul nişanlarının təkrar tədavülə buraxılmaması və müvafiq standartlara uyğun emaldan keçirilməsi üçün Mərkəzi Banka təhvil verilməsi tapşırılıb: “Mərkəzi Banka təhvil verilən pul nişanları, eləcə də dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanları yığılaraq xəzinələrdə xüsusi ayrılmış yerlərdə saxlanır. Bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib və dövri olaraq dezinfeksiya olunur.
Yararlı pul nişanları təkrar dövriyyəyə buraxılmamışdan əvvəl Mərkəzi Bankda istifadə olunan banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə müxtəlif tozlardan təmizlənərək, eləcə də xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan və yüksək temperatur rejiminə malik sistemlərdən keçməklə çirklərdən sterilizasiya olunur.
Bununla belə, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları da koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. İnfeksiyaya yoluxma risklərinin minimallaşdırılması məqsədilə Mərkəzi Bank əhaliyə, eləcə də biznes subyektlərinə nağd puldan istifadəni məhdudlaşdırmağı və nağdsız ödənişlərə (elektron və mobil bankçılıq, ödəniş kartları, o cümlədən təmassız ödəniş alətləri vasitəsilə) böyük üstünlük verməyi tövsiyə edir”.
2019-cu ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın təhlükəli növü olan koronavirus xəstəliyi daha 175 ölkəyə yayılıb, 8900-dən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda 34 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 10-u sağalıb, 1-i vəfat edib.