Gülağa Aslanlı
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri
Bəzi partiyaların rəhbərləri kimi bu seçkidə qalib gəldik deyə bilmərik. Çünki 9 fevral parlament seçkisi azad və ədalətli seçki deyildi. Seçki komissiyaları, ümumiyyətlə seçki prosesi hakimiyyətin nəzarəti altında idi. Seçkiqabağı demokratik mühitin, bərabərhüquqlu siyasi rəqabət şəraitinin olmadığı, fundamental hüquq və azadlıqların tapdandığı şəraitdə keçirilən seçkinin qalibi olmur.
Seçkidən əvvəl Müsavat başqanının təşəbbüsü ilə əsas siyasi partiya, ictimai təşkilat rəhbərlərinin, ictimai xadimlərin, ekspertlərin iştirakı ilə dəyirmi masa keçirildi. Bu toplantıda bir sıra məsələlərlə yanaşı müxalifətin parlament seçkisi üçün zəruri islahatlarla bağlı vahid mövqeyi ortaya qoyuldu. Lakin hakimiyyət bu təkliflərin heç birini qəbul etmədi, təkliflərlə bağlı müzakirə belə açılmadan növbədənkənar parlament seçkisi elan olundu.
Seçkidə iştirak edib-etməmək məsələsi Müsavatın strukturlarında geniş müzakirə edildi. Partiya başqanı Arif Hacılı “ya hamılıqla seçkidə iştirak, ya hamılıqla boykot” təklifi verib ölkənin əsas siyasi partiyalarının rəhbərləri ilə görüşdü. Yalnız belə birliyin alınmayacağı aydın olduqdan sonra Müsavat seçkidə iştirak qərarı qəbul etdi.
Partiya 83 seçki dairəsi üzrə 88 namizəd irəli sürdü. Namizədlərimiz üçün ümumilikdə 40 mindən çox imza toplandı. Bütün təzyiqlərə baxmayaraq 60 seçki dairəsi üzrə 64 namizədimiz qeydə alındı.
Açıq siyasi rəqabətdən çəkinən hakimiyyət teledebatlara imkan vermədi, seçicilərlə görüş yerlərinin sayını azaltdı. Çətinliklərə baxmayaraq ölkənin əksər ərazisində milyonlarla seçici ilə təmasda olduq, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu planlarımızı bir daha çatdırdıq, 300 mindən çox təşviqat bukleti təqdim etdik. Müsavatın seçki platformasını hər kəsə çatdırmaq üçün ciddi işlər görüldü. Hakim partiyanın namizədlərindən fərqli olaraq namizədlərimiz hər yerdə sevgi ilə qarşılandı.
Seçki günü 2000 dən çox müşahidəçimiz prosesi izlədi. Müsavatdan olan müşahidəçilər seçki saxtakarlıqları və qanun pozuntuları haqqında çoxsaylı faktların aşkarlanması, ictimailəşdirilməsində mühüm rol oynadı.
Müsavat Partiyasından olan namizədlərin əksəriyyəti seçkidə könüllü iştirak edən seçicilərin əksəriyyətinin səsini almağa nail olub. Bununla belə, Azərbaycan hakimiyyəti Müsavat Partiyasının 60 seçki dairəsində mübarizə aparan namizədlərinin heç birini parlamentə buraxmadı.
Müsavat Partiyasının parlamentə buraxılmamasında Rusiya siyasi dairələrinin də rolu olması barədə məlumatlar həmin ölkənin əsas televiziya kanallarının efirindən, məşhur siyasətçilərinin dilindən səsləndi.
Partiya seçki kampaniyası dövründə ATƏT-in müşahidə missiyası ilə sıx əməkdaşlıq etdi. Kampaniya dövründə və seçki günü yol verilən qanun pozuntuları və saxtakarlıqlar barədə ilk açıqlamanı da Müsavat Partiyası yaydı.
Seçkidən sonra etirazların təşkilində Müsavat Partiyası xüsusi rol oynadı. 11 fevral aksiyasının təkadamlıq aksiyadan ölkə miqyasında əks-səda doğuran aksiyaya çevrilməsində Müsavat Partiyası üzvlərinin böyük əməyi var. Həm 11 fevral, həm də 16 fevral aksiyasının iştirakçılarının və bu aksiyalarda həbs olunanların əksəriyyəti Müsavatdan olan namizədlər, səlahiyyətli nümayəndələr, müşahidəçilər və partiya fəalları idi.
Müsavat Partiyasının, seçkidə iştirak edən digər müxalifət təşkilatlarının və müstəqil namizədlərin fədakar mübarizəsi nəticəsində hakimiyyətin islahat nağılları ifşa edildi, seçkiyə demokratik seçki donu geyindirmək planı iflasa uğradı.
Seçki saxtakarlıqlarına qarşı hüquqi müstəvidə mübarizəmiz də davam edir. Müsavat Partiyasından olan namizədlər 42 seçki dairəsi üzrə saxta nəticələrin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına və məhkəmə orqanlarına müraciət edib. Bu mübarizə Avropa İnsan Hüquqları Məhkəməsinədək davam edəcək.
Müsavat Partiyası xalqın iradəsini əks etdirmədiyi üçün 9 fevral seçkisinin nəticələrini tanımadığını, yeni seçki keçirilməsini tələb etdiyini açıqlayıb. Seçki saxtakarlığına, avtoritar rejimə qarşı həm siyasi, həm də hüquqi müstəvidə mübarizəmiz, bu məqsədlə demokratik müxalifətin bir araya gəlməsi üçün səylərimiz davam edir.
Bu faktlar da təsdiq edir ki, dövlət resurslarından istifadə edən YAP nəzərə alınmasa son seçkidə ən ciddi siyasi qüvvə kimi iştirak edən partiya Müsavat Partiyası oldu. Əslində indiki siyasi şəraitdə, bəzi siyasi rəqiblərin proqnozlarına rəğmən, Müsavat Partiyasının parlamentə buraxılmaması da partiyanın ziyanına yox, xeyrinə olan faktlardan biridir. Bu, Müsavat Partiyasının heç vaxt, heç bir şərtlə hakimiyyətlə sövdələşməyə getməyən siyasi partiya olması barədə məlum faktı bir daha təsdiq etdi.
Biz yaxın zamanlarda demokratik şərtlərlə yeni seçki keçirilməsi uğrunda mübarizə aparırıq. Azərbaycan cəmiyyətinin buna nail olacağına inanırıq. Son seçki də göstərdi ki, ölkədə keçirilən ilk demokratik seçkinin qalibi Müsavat Partiyası olacaq.