Emin Hüseynzadə
Başlıq sizi yazının içinə cəlb etdisə, davam edə bilərik. Söhbət əməkdar adının vacibliyi haqdadır. Ölkədə əməkdar jurnalist fəxri adı var və xeyli adam bu adın daşıyıcısıdır. Hətta onlara başqa jurnalistlərdən fərqlənmək üçün metaldan döş nişanı da verirlər.
Bu ad sovet dövründən qalmadır. Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk dövrlərdə – 1991-1992-ci illərdə verilsə də, sonra uzun müddət olmayıb. 2005-ci ildən isə yenidən əməkdar jurnalist fəxri adının verilməsinə başlanıb.
Əslində sovet dövrünə nisbətən indi vəziyyət şükürlüdür: 1983-cü ildə Azərbaycanda 45 fəxri ad müəyyən edilmişdi, indi onların sayı 20-dir. Amma Azərbaycan o zaman da indiki kimi fərqli – yaradıcı idi, SSRİ-nin heç yerində olmayan 10 fəxri ad icad etmişdi ki, başqa yerdə onlar haqda eşitməmişdilər. O dövrdə, məsələn, usta qarğıdalıçı və əməkdar irriqator fəxri adları var idi. İndi isə bizim əməkdar jurnalistlərimiz var.
2019-cu ildə ölkədə olan bütün “əməkdar”ların sayı 2900-dən çox olub. Buraya əməkdar müəllimlər, incəsənət xadimləri, hüquqşünaslar, tibb və kənd təsərrüfatı işçiləri, artistlər, başqaları da aiddir.
Burda bir az haqsızlığın olduğunu düşünənlər var. Axı niyə əməkdar artist və xalq artisti olur, amma xalq jurnalisti fəxri adı olmur. Bu titulun təyinatını xeyli adam istəyərdi, ona can atardı. Niyə də yox? Adlar sistemi sovet dövründən qalır və eyni şəkildə tətbiq olunursa, “xalq” adını xalqdan soruşmadan jurnalistlərə niyə tətbiq etməyək?
Hələ ki, davam edən haqsızlığa görə jurnalistlər yalnız əməkdar ola bilirlər. Və bu böyük ada görə döş nişanından başqa həm də müəyyən ödəniş alırlar – ayda 100 manat. Prinsipcə, əmək sərf etdikləri qədər alırlar. “Xalq” titullular üçün aylıq təqaüd 150 manatdır.
Ad alan jurnalistlər heç vaxt bu adın ləğvini istəməzlər, bu təbiidir. Sabah “Əməkdar Feysbuk/İnstaqram” istifadəçisi və hətta “Əməkdar tiktokçusu” adları verilsə, o adı alanlar da razı qalacaq və bu adın vacibliyi haqda uzun “Youtube” videoları çəkəcəklər. Bu həmin sosial şəbəkələri və ölkədəki reallığı dəyişəcəkmi?..
Jurnalistlərin ad alması onların gələcəyi üçün deyil, əlbəttə ki, keçmişinə verilən dəyərdir.
Ad alan insanlar həmin sahəni müsbətə doğru mütləq dəyişdirməlidir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən medianın doğrudan da inkişaf etdiyi ölkələrdə dövlət orqanları əməkdarlıq titulu vermir. Con Stüardın ABŞ-ın xalq artisti və ya Kristian Amanpurun əməkdar jurnalist olacağı dünyanı təsəvvür edə bilmirəm. Elə Qraham Norton istəsə də, Britaniyada “əməkdarlıq” ala bilmir. Bilmirəm, bəlkə də bizdə əməkdar olanlar daha çox əmək sərf ediblər. Amma hər halda Rene Dekartın hələ XVII əsrdə dediyi kimi, əsl həqiqət müqayisədə üzə çıxır.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi