Azərbaycanın və Rusiyanın baş nazirləri Əli Əsədovla Mixail Mişustin martın 16-sı telefonla danışıblar. Nk.gov.az-ın məlumatına görə, koronavirus infeksiyasının yayılması ilə bağlı müzakirə aparan baş nazirlər Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin martın 18-dən müvəqqəti dayandırılmasına razılaşıblar. Qadağa yük maşınlarının sürücülərinə şamil olunmur.
Ötən ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 160-a yaxın ölkəyə yayılıb, 6500 nəfərdən çox şəxs dünyasını dəyişib. Azərbaycanda 25 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 6-sı sağalıb, 1-i vəfat edib, 18 nəfərin müalicəsi davam edir.
Martın 14-dən Azərbaycan-Gürcüstan sərhədi bağlanıb, martın 15-dən isə Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb.
Azərbaycanın İranla sərhədi fevralın 29-dan qapalıdır.