Nazirlər Kabineti yanında operativ qərargahın 17 mart məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına daha 3 yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslərin özlərini normal hiss etdiyi, səhhətlərinin sabit qiymətləndirildiyi bildirilir.
Ötən ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 160-a yaxın ölkəyə yayılıb, 6500 nəfərdən çox şəxs dünyasını dəyişib. Azərbaycanda 28 nəfərin koronavirus infeksiyasına yoluxduğu bilinib, onların 6-sı sağalıb, 1-i vəfat edib.
Martın 17-də baş nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının xüsusi rejimdə iş normalarına dair təlimat imzalayıb.
Təlimatda bunlar yer alır:
İclasların, müşavirələrin və toplantıların yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilsin;
Mümkün olduğu halda əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;
60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;
İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;
Xüsusi zərurət olduğu hallar istisna olmaqla bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri operativ qərargaha əsaslandırılmış rəsmi müraciət etsin;
Əməkdaşların xarici ölkələrə şəxsi səfərləri məhdudlaşdırılsın.
Vətəndaş qəbulu ilə əlaqədar bu qaydalara riayət edilməsi tapşırılır:
qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;
yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın;
vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;
vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;
mümkün olduğu halda vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;
görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin olunsun;
mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.
Əməkdaşlara sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri də tapşırılır.
Məhdudiyyətlər hüquq mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.