Koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargah martın 14-də belə məlumat yayıb.
Ötən ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 130-dan çox ölkəyə yayılıb, 5000 nəfərdən çox şəxs dünyasını dəyişib.
Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onların 6-sı sağalıb, 1-i vəfat edib.
Martın 14-dən ölkə üzrə bəzi sosial izolyasiya tədbirləri qüvvəyə minib. Hökumətin qərarına əsasən, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır; kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 marta təyin olunan toy mərasimləri istisna olmaqla); dəfn mərasimləri istisna olmaqla mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur; restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və həmin məkanlarda kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir; saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır; tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti qadağan edilir.
Başqa bir məhdudiyyətə görə, dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında operativ qərargahın icazəsi əsasında həyata keçirilə bilər
Martın 14-dən Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə də qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.
Azərbaycanın İranla sərhədi fevralın 29-dan bağlıdır. Bütövlükdə sərhəd rejimi sərtləşib, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarət artırılıb, koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb.
Nazirlər Kabineti tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər məqsədilə martın 3-dən bütün təhsil müəssisələrini bağlayıb.
Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalında vizaların rəsmiləşdirilməsi 45 gün müddətinə dayandırılıb. Azərbaycana səfər etmək istəyən xarici ölkə vətəndaşları viza rəsmiləşdirilməsi üçün səfirlik və baş konsulluqlara müraciət etməlidir. Virusun geniş yayıldığı ölkələrin vətəndaşlarından koronavirus testindən keçmələri barədə tibbi arayış tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da aiddir.
Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya onlardan ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər.
Çin, Cənubi Koreya, İran, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14 və ya tələb olunduğu halda 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.