Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu ildən 10 il müddətinə vergidən azaddır. Nazirlər Kabineti martın 12-də bununla bağlı meyarları təsdiqləyib.
Novator.az bildirir ki, elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar üzrə meyarlar bunlardır: təsis sənədlərində elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi sahəsində fəaliyyət göstərməsinin nəzərdə tutulması; akkreditasiyadan keçməsi; “Elm haqqında” qanunun 3.3-cü maddəsində göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması; ən azı 5 (beş) nəfər elmi işçisinin olması.
Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları belə sıralanır: dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması; lisenziya alması.
Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları belə müəyyən olunub: dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması; köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.
İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları bunlardır: “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması; köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi.
Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları belə rəsmiləşib: Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması; teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi.