Nazirlər Kabineti yanında operativ qərargahın 12 mart məlumatına görə, İranda müalicə olunub qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın səhhətindəki xroniki problemlər üzündən xəstəxanaya müraciət edib, müayinələr zamanı onda bir çox xəstəlik, o cümlədən böyrək çatışmazlığı, ciddi ağciyər zədələnməsi, immun yetməzliyi aşkar olunub, eyni zamanda həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu üzə çıxıb.
Xəstənin xüsusi rejimli xəstəxanada intensiv müalicəyə cəlb olunmasına baxmayaraq vəfat etdiyi bildirilir.
Digər rəsmi açıqlamalara əsasən, Azərbaycanın İranla sərhədi daha iki həftə məhdudlaşdırıcı rejim əsasında bağlı qalacaq. Sərhəd fevralın 29-da qapadılıb.
Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə “ASAN Viza” elektron portalında vizaların rəsmiləşdirilməsi 45 gün müddətinə dayandırılır. Azərbaycana səfər etmək istəyən xarici ölkə vətəndaşları viza rəsmiləşdirilməsi üçün səfirlik və baş konsulluqlara müraciət etməlidir. Virusun geniş yayıldığı ölkələrin vətəndaşlarından koronavirus testindən keçmələri barədə tibbi arayış tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da aiddir.
Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya onlardan ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər.
Çin, Cənubi Koreya, İran, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14 və ya tələb olunduğu halda 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.
Azərbaycan vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.
Ötən ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 120-dən çox ölkəyə yayılıb, 4630-dan çox şəxs dünyasını dəyişib.
Azərbaycanda koronavirusa 15 yoluxan qeydə alınıb. Onların 3-nün sağaldığı açıqlanıb.
Yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, sərhəd rejimi sərtləşib, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarət artırılıb, koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb.
Nazirlər Kabineti tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər məqsədilə martın 3-dən bütün təhsil müəssisələrini qapadıb.
Bakı şəhərində və ölkənin müxtəlif regionlarında mart ayında keçirilməli olan Novruz şənlikləri ləğv edilib.