“Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz”. Yeni Milli Məclisin 10 mart iclasında çıxış edən prezident İlham Əliyev belə deyib.
Fevralın 9-da keçirilmiş parlament seçkisindən söz açan dövlət başçısı nəticələrin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
Milli Məclisin çoxpartiyalı məclis olduğunu qeyd edən prezident bunu demokratiyanın inkişafında önəmli addım adlandırıb: “Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışıb önəmli qərarlar qəbul ediblər. Mənim tövsiyəm o olub ki, partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmayıb. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var.
Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir.
Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis lazımi addımlar atacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, – biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, – onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaq”.
İlham Əliyev parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artmalı olduğunu deyib: “Hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, – mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, – həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.
Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları.
İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır.
Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.
Milli Məclisə seçki 125 dairədə keçirilib. 4 dairə üzrə səsvermənin nəticələri ləğv olunduğu üçün yeni parlament hələlik 121 nəfərdən ibarətdir.
Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyası 3 yer götürüb.
Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.
40 deputat partiyasızdır.
Milli Məclisin 10 mart iclasında Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarova parlament sədri, Yeni Azərbaycan Partiyasının üzvü Əli Hüseynli parlament sədrinin birinci müavini, partiyasız deputat Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli sədr müavini seçiliblər.