Çində 2019-cu ilin dekabrında üzə çıxan koronavirus xəstəliyi dünyanı cənginə alıb. Martın 6-na olan məlumata görə, 94 ölkədə 100 mindən çox şəxs infeksiyaya yoluxub, 3408 nəfər ölüb.
Azərbaycanda koronavirusa yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb, karantin zonaları yaradılıb, sərhəd rejimi sərtləşdirilib, təhsil müəssisələri qapadılıb, başqa önləyici tədbirlər görülüb. İndiyədək 6 yoluxma halı qeydə alınıb.
Bəs adamlar koronavirusdan qorunmaq üçün özləri hansı tədbirlər görür? Novator.az-a danışan hüquqçu Namizəd Səfərov qeyd edib ki, hər bir insan hansısa epidemiyanın yayılmasından asılı olmayaraq gigiyena qaydalarına əməl etməli, sağlam həyat tərzi sürməlidir: “Bu gün cəmiyyəti koronavirus qorxusu bürüyüb. Mən təşviş keçirmirəm. Ona görə də əlavə hər hansı tədbirlərə ehtiyac duymuram. Yəni maska taxmaq, antibiotik qəbul etmək fikrim yoxdur.
Ancaq insanların ehtiyat tədbirləri görməsini əsassız da saymıram. Bir halda ki, dövlət təşkilatları zərurət bilir, təhlükəsizlik tədbirləri görənləri qınamağın yeri yoxdur.
Bakıda yaşayan bir çinliyə rast gəldim, şəhərdə insanların əksəriyyətinin qoruyucu maskasız gəzməsinə təəccüblənirdi. Heç 100 nəfərdən biri maska taxmır.
Məsləhətim o ola bilər ki, gigiyena və təmizlik qaydalarına daha ciddi əməl olunsun”.
Kardioloq Azər Mustafayev deyir ki, koronavirus təhlükəsindən təşvişə düşmək lazım deyil: “Stress insanın immun sistemini zəiflədir. İkincisi, adamların sıx olduğu yerdən uzaq olmaq lazımdır. Vacib iş olmadığı təqdirdə evdə oturmaq gərəkdir.
Əlləri tez-tez yumaq məsləhətdir. Son tədqiqatlar göstərir ki, insanlar infeksiyanı daha çox əl vasitəsilə daşıyırlar.
Spirtli içkidən və siqaretdən uzaq durmaq tələb olunur. Çünki koronavirus əsasən insanların ciyərlərini və böyrəyi zədələyir. Şirin içkilər, energetik və qazlı içkilər də korona virusunu həssas hala gətirir.
Çoxlu maye qəbul etmək lazımdır. Adi suya, çaya və yaşıl çaya üstünlük vermək olar. Psixoloji cəhətdən rahat olmaq üçün çobanyastığı, cökə çayları və ya onların qarışığını içmək olar.
İtburnu çayı C vitamini ilə zəngindir. Adi çayın içinə nanə də atmaq olar, bu, immuniteti qaldırır və bakteriyanı zərərsizləşdirmək xüsusiyyəti var.
Soyuqlayan, asqıran, öskürən, qripləyən şəxs evdə oturmalıdır. Çünki koronavirus qrip, zökəm və soyuqdəymə əlamətləri ilə başlayır”.
İlkin Nizami