Martın 2-də Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Məlumatda deyilir ki, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər davam etdirilir: “Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb”.
2019-cu ilin dekabr ayında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi daha 67 ölkəyə yayılıb, 89 min 82 nəfər infeksiyaya yoluxub, 3058 şəxs dünyasını dəyişib.
Martın 2-nə olan məlumata görə, ölkələr üzrə itki sayı belədir: Çin – 2912 nəfər; İran – 55 nəfər; İtaliya – 41 nəfər; Cənubi Koreya – 26 nəfər; Yaponiya – 6 nəfər; Fransa – 2 nəfər; ABŞ – 2 nəfər; Honkonq – 2 nəfər; Avstraliya – 1 nəfər; Filippin – 1 nəfər; Tailand – 1 nəfər; Tayvan – 1 nəfər; San Marino – 1 nəfər. Daha 7 nəfər “Diamond Princess” səyahət gəmisində vəfat edib.
Nazirlər Kabineti yanında operativ qərargahın 1 mart məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb: “İranla sərhəddə profilaktik tədbirlər məqsədilə səyyar çadırlar qurulub. 29 fevral saat 16-dan İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub.
Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.
İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün razılaşma əldə olunub”.