Mehman Əliyev
“Turan” informasiya agentliyinin direktoru
Şair öldürüldü, şair vuruldu,
O namus aşiqi düşərək şərə,
Sinəsində qurşun, intiqam odu
Qürurlu başını endirdi yerə.
(“Şairin ölümünə”, M.Lermontov, 1837)
15 ildir martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini, qəhrəmanlığını və azad, demokratik Azərbaycan uğrunda qurban getməsini yad etmək üçün onun məzarı başına gəlirik. Bu mərasimi həmrəylik və hakimiyyətin söz azadlığının boğulması siyasətinə etiraz və narazılıq aktı kimi qiymətləndirmək olar.
Elmarın qətlini təkcə bir insanı aradan qaldırmaq, digərlərini qorxutmaq istəyi deyil, həm də Azərbaycanda söz azadlığını öldürmək cəhdi şərtləndirmişdi.
Elmarın qətli ilə müstəqil KİV-in məhv edilməsinin, yüksək kabinetlərdən idarə olunan marionet informasiya məkanının formalaşdırılmasının növbəti, ən sərt dövrünə start verildi. Bəs hakimiyyət qarşıya qoyduğu məqsədə nail ola bildimi? Həm hə, həm də yox.
Hə – ona görə ki, müstəqilliyin ilk illərindən sonra böyüməyə imkan tapmayan azad mətbuat fidanlarını məhv etdi. Sovet mentallığından təzəcə azad olmuş və təzə-təzə yüksəlməyə çalışan azad jurnalistika ruhu məhv edildi. Onun əvəzinə miskin məmurların yaratdığı miskinlik – onların özünün bənzəri və surəti gəldi. Bu, müəllifin subyektiv qiymətləndirməsi deyil, bu, televiziya qutularını, “bakuş” (İran peçenyesi) satan qəzet köşklərini, ikinci dərəcəli internet xammalını boykot edən cəmiyyətin obyektiv qiymətləndirməsidir. Azərbaycan cəmiyyəti “yox” dedi, dünya şəbəkəsində söz azadlığı və sözün geniş mənasında azadlıq uğrunda genişmiqyaslı hərəkata cəlb olundu.
Hakimiyyət narahatlıq içindədir. Hər şey tərs gedir. Kabinetlərdə tamaşaçıların, oxucuların – internetin vahid simbioza çevirdiyi, hələ interaktiv üstünlük də əlavə etdiyi bu iki subyektin etimadını qaytarmaq üçün noutbuk və baş sındırırlar. Amma etimad həqiqətin 15 ildir informasiya ictimaiyyətinə sırımaq istədikləri yalan üzərində üstünlüyü etiraf olunmadan qaytarıla bilməz.
Həqiqət 2 mart 2005-ci ildə güllələndi, onunla birlikdə isə Azərbaycan cəmiyyətini və dövlətini gözləyən təhlükələr haqqında məqalələri ilə yuxarılara səsini eşitdirmək istəyən insanın hayqırtısını da güllələdilər. Ona atəş açdılar, çünki qarşıda duran sarsıntılar haqqında heç nə eşitmək istəmirdilər. Amma Elmar haqlı çıxdı:
– Biz vahid sistemli böhranda birləşdirilə biləcək iqtisadi, sosial, siyasi, ictimai böhranlarla üzləşdik.
– Ona nifrət edən və onu məhv etməyə hazır olan feodal klan sisteminin dağılmasını müşahidə etdik.
– Mətbuatın tənəzzülü və ictimai azadlığın intibahında özünü göstərən informasiya böhranı ilə üzləşdik.
– Əxlaq böhranı ilə üzləşdik, ana-bacı söyüşü “ailədən”, Azərbaycanın heç bir ailəsindən yan keçmir.
Taleyin onu cəmiyyətin bütün qəlbi ilə dinlədiyi, hakimiyyətin isə eyni qətiyyətlə təkzib etdiyi kahin kimi seçməsi Elmarın günahıdırmı? Onun təxminləri gerçək oldu, gerçək olur.
15 il – sifarişçilərin və qatillərin tövbəsi üçün keçən zamandır; bu, Elmarı qoruya bilməyən və bununla da 1991-ci ildə elan etdiyi azadlığın yolunu uzadan bütün cəmiyyət üçün peşmanlıqdır.
Mənbə: Turan.az