Nazirlər Kabinetinin yanında dövlət orqanları və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Fevralın 27-si axşam yayılan rəsmi məlumatda bəyan edilib ki, məqsəd koronavirus xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlər görməkdir. Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün mütəxəssislərdən ibarət ekspert qrupları təşkil olunub.
Qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərəcək.
Qərara əsasən, İranla sərhəd-keçid məntəqələrindən Azərbaycana daxil olan şəxslərin ilkin müayinəsi üçün Fövqəladə Hallar Nazirliyinin çadır hospitalları yaradılır. Xəstəliyin əlamətləri aşkar edilən şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcək.
2019-cu ilin dekabr ayında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi 40-dan çox ölkəyə yayılıb.
Novator.az bildirir ki, Çinin Gigiyena və Səhiyyə Məsələləri Dövlət Komitəsinin 28 fevral hesabatına görə, ölkədə koronavirus xəstəliyindən ölənlərin sayı 2788 nəfərə çatıb.
İranda, Cənubi Koreyada, İtaliyada, Yaponiyada, Honkonqda, Fransada, Tayvanda, Filippində də koronavirus qurbanı olanlar var.
Azərbaycanda bir qrup şəxs Bakıdakı Kliniki Tibbi Mərkəzdə və İranla həmsərhəd rayonların xəstəxanalarında müşahidə altına alınıb.
Nazirlər Kabinetinin açıqlamasına əsasən, bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür, Azərbaycana gələn sərnişinlər ciddi yoxlanır, İranla sərhəd xüsusi rejimdə fəaliyyətə keçib, ölkə ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirilib.
Xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarət artırılıb. Koronavirus üzrə yüksək riskli məhsulların siyahısına isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları, dəniz məhsulları, heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.
İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb.