Korona virusu. Ötən ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan, az vaxtda 50-dən çox ölkəyə yayılan bu virusdan indi bütün dünyada danışılır. Azərbaycanda da hara getsən korona virusundan, koronavirus xəstəliyindən söhbət getdiyini görəcəksən.
Əlbəttə, bu, təhlükəli virusdur, Novator.az bildirir ki, indiyədək Çində 2788, İranda 34, İtaliyada 17, Cənubi Koreyada 13, Yaponiyada 5, Honkonqda 2, Fransada 2, Tayvanda 1, Filippində 1 adam koronavirus xəstəliyindən dünyasını dəyişib. Deməli, ölkələri, cəmiyyətləri bürümüş koronavirus həyəcanı heç də əsassız deyil. Media haqlı olaraq həyəcan təbili çalır.
Dövlətlər də tədbirlər görür. O cümlədən Azərbaycan. Nazirlər Kabinetinin yanında dövlət orqanları və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Məqsəd koronavirus xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlər görməkdir. Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün mütəxəssislərdən ibarət ekspert qrupları təşkil olunub.
Qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.
İranla sərhəd-keçid məntəqələrindən Azərbaycana daxil olan şəxslərin ilkin müayinəsi üçün Fövqəladə Hallar Nazirliyinin çadır hospitalları yaradılır.
Bir qrup şəxs Bakıdakı Kliniki Tibbi Mərkəzdə və İranla həmsərhəd rayonların xəstəxanalarında müşahidə altına alınıb.
Bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür, Azərbaycana gələn sərnişinlər ciddi yoxlanır, İranla sərhəd xüsusi rejimdə fəaliyyətə keçib, ölkə ərazisindən tranzit yüklərin daşınması üzərində nəzarət gücləndirilib.
Xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarət artırılıb. İnfeksiya riski olan ölkələrdən Azərbaycana bəzi məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb.
Tədbirlər və həyəcan öz yerində. Amma bir məsələ var. Koronavirus hələ yüz faizlik ölüm demək deyil. Korona virusuna yoluxanların arasında sağalanların sayı ölənlərin sayından çoxdur. İndiyəcən Çində 79 minə yaxın adam korona virusuna yoluxub. Onlardan 2788-i ölüb. Əlbəttə, bu, çox böyük rəqəmdir və olduqca ciddi siqnaldır. Hazırkı həyəcan bu siqnala adekvatdır. Amma məsələnin başqa tərəfi də var: indiyədək Çində 36 min nəfərdən çox pasiyent koronavirusdan sağaldığına görə xəstəxanalardan evə buraxılıb. Təkcə bir gündə – fevralın 27-də Çində 3 min 600-dən çox adam sağaldığına görə hospitalı tərk edib.
Təhlükənin miqyasını azaltmadan hər kəsi xəbərlərin bu tərəfinə – koronavirusdan sağalanlara aid hissəsinə də diqqət yetirməyə dəvət edirik.
Koronavirusun öldürə bildiyi adamların sayı öldürə bilmədiyi adamların sayından çoxdur. Bu o demək deyil ki, koronavirus qorxulu deyil. Xeyr, qorxuludur. Amma koronavirus dünyanın sonu da deyil.
Koronavirus xəstəliyi onsuz da dünyada insanların həyatına zəhər qatıb. Onu koronavirus xəbərləri ilə bir az da artıq zəhərləməyə ehtiyac yoxdur. Bu gün adamlar özlərini tək koronavirus xəstəliyindən yox, həm də koronavirus xəbərlərindən qorumalıdırlar. Birindən tibbi, o birindən psixoloji yolla.
Necə deyərlər, həyat davam edir – təkcə özünün kədəri ilə yox, həm də sevinci ilə. Və həyat həmişə belə davam edib…
Fevralın 28-də Azərbaycanda koronavirus infeksiyasına yoluxma üzrə ilk faktın qeydə alındığı açıqlanıb. Xəstələnən şəxs Rusiya vətəndaşıdır. İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
Novator.az