Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu koronavirus xəstəliyinin coğrafiyasının genişləndiyini vurğulayaraq təkliflər verib. Novator.az-ın məlumatına görə, o, fevralın 26-da “Facebook”da yazıb ki, qonşu İranda bu virusdan ölənlərin olması Azərbaycana təhlükə yaradır. Qubad İbadoğlu İranla Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələrinin ikitərəfli qaydada dayandırılmasına, sərhəd-keçid məntəqələrinin gediş-gəliş və tranzit daşımalar üçün bağlanmasına çağırır.
Qapalı yerlərdəki kütləvi idman, mədəniyyət, incəsənət tədbirlərinin, həmçinin toyların təxirə salınmasını, Bakı, Gəncə, Sumqayıt və digər əsas şəhərlərin təhsil müəssisələrində tədrisin qayandırılmasını da təklif edən Qubad İbadoğlu virusun mənşə ölkəsindən, eləcə də onun geniş yayıldığı ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulmasını da vacib sayır.
Pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi 2019-cu il dekabrın 12-si Çində üzə çıxıb. Fevralın 26-na qədər bu ölkədə 2715 nəfər ölüb. Bir çox ölkəyə də yayılan xəstəlik İranda 16 nəfərin həyatına son qoyub.
Azərbaycanın Nazirlər Kabineti fevralın 24-də bəyan edib ki, epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür, Azərbaycana gələn sərnişinlər ciddi yoxlanır və ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Açıqlamaya əsasən, Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib, fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır: “Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.
İranda yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti təxirə salmaq tövsiyə olunur.
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkədə epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimat var”.
Nazirlər Kabineti daha əvvəl xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarətin gücləndirilməsi barədə də qərar qəbul edib.
Koronavirus üzrə yüksək riskli məhsulların siyahısına isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları, dəniz məhsulları, heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.
İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb. Bu qərar 2020-ci il mayın 1-dək qüvvədədir.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 26 fevral açıqlamasına görə, Bakıdakı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib, onların 2-si Azərbaycan, 5-i İran vətəndaşıdır: “6 nəfərin vəziyyəti normaldır, səhhətlərində hər hansı problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir.
İranın koronavirus xəstəliyi qeydə alınan ərazilərində olmuş 23 nəfər isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçirilir. İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub”.