Son illər ukraynalı kinematoqrafçılar dirçəlməyə başlayıb. 2019-cu ildə isə ölkədə kinematoqrafiya öz potensialını tam üzə çıxara bildi.
Milli kinoya dövlət dəstəyi ukraynalı rejissorlara ölkədə rəqabət bazarı yaratmaq və beynəlxalq film festivallarında mükafat qazanmaq yolu açdı. 2019-cu ilin dekabr ayına olan məlumata əsasən, Ukraynada kino istehsalı üçün 129,4 milyon qrivna (5,5 milyon dollar) ayrılıb. Ukraynalılara təklif olunan filmlərin yalnız kəmiyyəti deyil, janr müxtəlifliyi baxımından keyfiyyəti də artırılıb.
Yerli kinematoqrafçılar filmlərində ölkənin şərqində davam edən Rusiya-Ukrayna müharibəsini daim xatırladırlar. “İlovaysk 2014. Donbas batalyonu” filminin rejissoru İvan Tımçenko müasir Ukrayna tarixinin ən faciəli hadisələrindən birini ekrana gətirib. Filmdə İlovaysk ətrafında gedən ağır döyüşdə mühasirəyə alınmış Donbas batalyonunun taleyindən, Rusiya qoşunlarının onların çoxunu öldürməsindən bəhs edilir. Kino sənədli film olmasa da, onun çəkilişində İlovayskda vuruşmuş müharibə veteranları və hərbçilərin böyük əməyi var. Film döyüşdə şəhid olan Marko Paslavski kimi real müharibə qəhrəmanlarını göstərməklə izləyicini bu dəhşətli faciə anlarına qaytarır.
Bəzi rejissorlar Ukraynanın gələcəyini göstərən fantastik filmlərə də üz tutublar. Valentin Vasyanoviçin “Atlantida” filminə baxmaq məsləhətdir. Film 76-cı Venesiya beynəlxalq kino festivalının “Üfüqlər” proqramında ən yaxşı ekran əsəri sayılıb.
Drama tamaşaçını Ukraynanın qələbəsi ilə bitəcək yaxın gələcəyə aparır. Ancaq Donbas müharibəsindən sonrakı reallıq təsəvvür olunduğundan daha qaranlıqdır. Müharibənin ölkəyə gətirdiyi iqtisadi və ekoloji bəlalar onsuz da qəlbinə böyük yara vurulan insanların həyatını daha da çətinləşdirir. Film münaqişə fonunda stressdən böyük travma almış əsgərin sağlığına və sülhə qovuşmaq cəhdindən bəhs edən hekayətdir.
Ukraynalı rejissor Ahtem Seytablayevin amerikalı həmkarı Con Vinlə birgə çəkdiyi “Zaxar Berkut” əsəri klassik yazıçı İvan Frankonun eyniadlı tarixi əsərindən bəhrələnib. Filmdə 1241-ci ilin monqol işğalına qarşı cəsarətlə vuruşan kiçik bir Karpat kəndinin hekayətindən bəhs edilir.
2019-cu ildə “Oskar” mükafatı üçün təqdim olunmuş “Evə” filmi bitməyən müharibənin və vətənin ilhaqının vurduğu yaralardan bəhs edir. Nəriman Əliyevin iki Krım tatarı haqda lentə aldığı ekran əsəri “Mütləq baxın!” kateqoriyalı filmlərə aiddir. Bu, rejissorun 2014-cü ildə Rusiya Krımı özünə birləşdirdikdən və Donbasa soxulduqdan sonra tatarların başına gətirilənlərə qarşı manifestidir. Dramatik film Krım tatarı Mustafanın Ukraynanın şərqində öldürülən oğlunun meyitini vətənə gətirmək üçün Kiyevə gəlişi ətrafında cərəyan edir. Uzun yolçuluğa çıxan Mustafa digər oğlu Alimi də özüylə götürür. Tamaşaçı süjet boyu Mustafa və Alimin səfərini müşayiət edir, ata-oğul münasibəti və onların qarşılaşdığı çoxsaylı maneələrlə bağlı həyəcan keçirir. Film Krım tatarlarının özəl xüsusiyyətlərini özündə əks etdirən simvolik detallarla doludur. Ekran əsəri izləyicini sonadək gərginlikdə saxlayır.
Polşa və Ukraynanın birgə istehsal etdiyi, polyak Aqneşka Hollandın rejissorluğu ilə ərsəyə gələn “Həqiqətin qiyməti” siyasi trilleri Ukraynanın faciəvi keçmişinə bir daha diqqət cəlb edir. Film 1933-cü ildə baş verən real hadisələr əsasında çəkilib. Kinoda Şərqi Ukraynaya səfər edən və orada Stalin zamanındakı aclığa – Qolodomora tuş gələn amerikalı jurnalist Qaret Consun mübarizəsindən bəhs edir. Gördüklərini dünyaya çatdırmaq istəyən Qaret Cons aclığı inkar edən “Nyu-York Tayms” qəzetinin Moskva müxbiri Uolter Dürantinin şəxsində ciddi maneələrlə qarşılaşır. İki jurnalistin əhvalatı yalanın milyonları qurbana çevirə biləcəyini və bütün risklərə baxmayaraq həqiqətin tərəfində durmağın vacibliyini bir daha xatırladır.
Ötən kinematoqrafiya ili təkcə göz yaşları və kədərlə dolu olmayıb. 2019-cu ilin əvvəlində Yelena Demyanenkonun “Quçulka Ksenya” müzikli ekrana gəldi. Hadisə 1939-cu ildə Karpat dağlarında, Qərbi Ukraynanın bolşevik işğalına məruz qalmasına bir neçə həftə qalmış baş verir. Amerikada doğulan ukraynalı gənc atasının vəsiyyətini yerinə yetirmək və 1 milyon dollara sahib olmaq üçün mənzərəli Voroxta şəhərinə gəlir. Gənc oğlan məqsədinə çatmaq üçün ukraynalı qızla evlənməlidir. Bu təsirli əhvalat qərbi ukraynalıların 1930-cu illərdəki həyat tərzinə və ənənələrinə işıq salır.
2019-cu il Nadejda Parfanın çəkdiyi “Oxuyur İFTKE” adlı sənədli filmi ilə də yadda qalacaq. Bu tragikomediya səmimi duyğuların mənbəyi, kədərli və həm də qeyri-adi məzəli ekran əsəridir. Hər qış mövsümündə Ukraynada istiliklə təchizatda dramatik hallar yaşanır. Nadejda Parfanın çəkdiyi filmdə İvano-Frankovsk şəhərinin mənzil istilik təchizatı müəssisəsinin əməkdaşları nikbinliyi itirmir və mahnı oxumaqla vəziyyətdən çıxırlar.
Daha bir filmə – “Mənim düşüncələrim sakitdir” tragikomediyasına baxmağa dəyər. Bu, Antonio Lukiçin gənc səs rejissoru və onun anası haqda yol əhvalatıdır. Filmin premyerası 2020-ci ilin yanvarında baş tutub. Film Karlovı Varı beynəlxalq film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Möcüzə və maraqlı yeni il əhvalatları ilə maraqlanmaq istəyənlər ukraynalı rejissor Yelena Karetnikin “Yalnız möcüzə” adlı filminə baxa bilər. Ailəvi kino müqəddəs Nikolay bayramı ərəfəsində atasını xilas etməyə gedən gənc Severinin riskli, lakin maraqlı səyahətindən bəhs edir və tamaşaçını əbədi qışın hökm sürdüyü dağlıq ölkəyə çəkib aparır…
İrina Matviişin,
“İnternyus-Ukrayna” və “UkraineWorld”ün jurnalisti
Material ilk dəfə “UkraineWorld ”da dərc olunub.