Çinin Gigiyena və Səhiyyə Məsələləri Dövlət Komitəsi fevralın 25-də yeni hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, ölkədə koronavirus xəstəliyindən ölənlərin sayı 2665 nəfərə çatıb.
Pnevmoniyanın bir növü olan xəstəlik 2019-cu il dekabrın 12-də üzə çıxıb. Bir çox ölkəyə də yayılan xəstəlik son günlər qonşu İranda 12 nəfərin ölümünə səbəb olub.
Azərbaycanın Nazirlər Kabineti fevralın 24-də bəyan edib ki, epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür, Azərbaycana gələn sərnişinlər ciddi yoxlanır və ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Açıqlamaya əsasən, Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib, fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır: “Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.
İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti təxirə salmaq tövsiyə olunur.
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkədə epidemiyadan qorunmaq üçün kifayət qədər tibbi ləvazimat var”.
Nazirlər Kabineti daha əvvəl xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarətin gücləndirilməsi barədə də qərar qəbul edib.
Koronavirus üzrə yüksək riskli məhsulların siyahısına isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları, dəniz məhsulları, heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.
İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb. Bu qərar 2020-ci il mayın 1-dək qüvvədədir.