İranda koronavirus xəstəliyinin itkilərə gətirməsi Azərbaycanın bu dövlətlə sərhəd rejimini sərtləşdirməsinə səbəb olub. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır ki, bu, Azərbaycan iqtisadiyyatına mənfi təsirlər göstərə bilər: “2019-cu ildə Azərbaycana gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub. Xaricə gedən Azərbaycan vətəndaşlarının 36,7 faizi və ya 2 milyon 43 min nəfəri isə İranı seçib. Bu o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21 min 417 nəfər gəlir, Azərbaycandan İrana 170 min 250 nəfər səfər edir. Sərhədlərin bağlanması iranlı turistlərin sayını kəskin azaldacaq. Eyni zamanda Azərbaycandan İrana müalicə, alış-veriş, iş qurmaq məqsədilə səfər edənlərin sayına mənfi təsir göstərəcək.
Ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi də İrana görə səfərlərini təxirə salacaqlar. Bütün bunların nəticəsində Azərbaycanda mehmanxana, restoran, nəqliyyat biznesinin imkanları pisləşəcək.
Ötən il İrandan Azərbaycana 452 milyon 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 milyon 130 min dollar təşkil edib. İrandan Azərbaycana kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları da gətirilir. Sərhəd rejiminin sərtləşməsi nəticəsində İran mənşəli malların qiymətində artım müşahidə olunacaq.
Ötən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb. İndiki situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək.
Şimal-Cənub dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır. Yükdaşımalarda fasilələr Azərbaycanın tranzitdən qazanclarını azaldacaq.
Azərbaycanla İran arasında iqtisadi əlaqələrin pisləşməsi dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək”.
Pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb. Bu ölkədə ölənlərin sayı 2592-yə çatıb. Bir çox ölkəyə də yayılan xəstəlik son günlər İranda 12 nəfərin ölümünə səbəb olub.
Azərbaycanın Nazirlər Kabineti Çindən ölkəyə gələn bütün şəxslərin ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarətin gücləndirilməsi barədə qərarlar qəbul edib.
Koronavirus üzrə yüksək riskli məhsulların siyahısına isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları, dəniz məhsulları, heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.
İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb. Nazirlər Kabinetinin bu qərarı 2020-ci il mayın 1-dək qüvvədədir.