2019-cu ilin əsas idman hadisəsini dünyada eyni vaxtda iki milyona yaxın adam izlədi, yarışın mükafat fondu 34 milyon dollara çatdı. Elə düşünməyin bu, maşın ötüşdürmək və ya futbol çempionatıdır. Söhbət ABŞ-ın “Valve” şirkətinin “Dota 2” video oyunu üzrə təşkil etdiyi dünya çempionatından (“The İnternational 2019”) gedir. Kiber idman – yeni ümumdünya idman növüdür.
Əvvəllər ukraynalılar “The İnternational”da əsasən uğurla çıxış edirdilər. Ukraynada 2009-cu ildə yaradılmış “Natus Vincere” (Na’Vi) kiber idman təşkilatı iki ildən sonra “The İnternational”ın qalibi oldu. “Counter-Strike” adlanan digər oyunda “Na’Vi” daha böyük uğurlara imza atdı. “Na’Vi” komandası kiber idman tarixində rekorda imza ataraq bir təqvim ilində üç əsas çempionatın – “İntel Extreme Masters”, “Electronic Sports World Cup” və “World Cyber Games 2010” turnirlərini uddu. O vaxtdan bəri komanda müntəzəm olaraq dünyanın kiber idman oyunlarında önə çıxır. “Na’Vi” beynəlxalq arenada yaxşı tanınır və komandanın bütün ölkələrdə xeyli pərəstişkarı var.
“Na’Vi”nin uğuru Ukraynada kiber idmanın inkişafına töhfə verdi. Həmin vaxtdan Ukraynanın kiber idman komandaları dünya nəhəngləri sırasına daxil olub, ukraynalı oyunçulara isə tələbat var, onlar böyük beynəlxalq komandalarda çıxış edirlər.
“Esports Earnings” veb-saytının məlumatına görə, Ukrayna oyunçuların illik mükafat gəlirləri reytinqində 14-cü yerdədir. Ukraynalı oyunçular çox effektivdir. Onlar 824 nəfərdir, amma sayı 1647 nəfər olan polyaklardan daha çox qalib olublar. Qələbələrin sayı oyunçularının sayı 2019 nəfər olan avstraliyalılarla az qala bərabərdir.
Ukraynada kiber idman sənayesinin dövlətdən dəstək almadığını və institutlaşmadığını nəzərə alanda belə nəticələr daha parlaq görünür. Amma son illərdə kiber idman yarışları keçirən, komandalara dəstək göstərən və bu sahəyə vəsait cəlb edən bir neçə təşkilat meydana gəlib. 2016-cı ildə iki belə təşkilat yaradılıb: “Esports Ukraine” və “Esports Soccer Foundation of Ukraine” (ESFU).
“Esports Ukraine” təşkilatı gənc istedadlara dəstək verməyə çalışır və açıq turnirlər keçirir. Onun əsas çempionatları “Ukrainian University Open” və və “CyberStar League” turnirləridir.
2018-ci ildə yaradılmış “Ukrainian University Open” çempionatı ukraynalı tələbələr üçün nəzərdə tutulmuş çoxnövlü turnirdir.
“CyberStar League” çempionatı “Dota 2” üzrə onlayn turnirdir. Bu turnir ilk dəfə 2017-ci ildə keçirilib.
“Esports Ukraine” şirkətinə həm milli qurumlar (Ukraynanın “Kiyevstar” mobil operatoru), həm də beynəlxalq qurumlar (“MasterCard”, “RedBull”, “Lenovo”, “Razer”) dəstək verir.
“Ukrainian University Open 2018” turnirinə 67 universitetdən 150 komanda qatılmışdı.
“CyberStar League” turnirinə isə video oyunların yayım platforması “Twitch”də 260 min tamaşaçı baxmışdı. Turnirin mükafat fondu 100 min qrivna (4 min dollara yaxın) idi.
“Esports Soccer Foundation of Ukraine” (ESFU) təşkilatı Ukrayna premyer liqası və Odessanın “Çernomorets” futbol klubu ilə birgə ölkədə baş futbol turnirinin elektron versiyasının yaradılması üzərində iş aparır. Layihəni “Asus”, “DXRACER” və “Razer” beynəlxalq brendləri dəstəkləyir.
2018-ci ildə siyahıya üçüncü təşkilat – Ukrayna Kiber İdman Federasiyası (UESF) əlavə olunub. Birinci il federasiya ümumi mükafat fondu 850 min qrivna (35 min dollara yaxın) olan 50 kiber idman yarışı təşkil edib. 2019-cu ildə təşkilatın başlıca idman hadisəsi mükafat fondu 1 milyon qrivnaya (40 min dollara yaxın) çatan kiber idman üzrə Ukrayna çempionatı oldu. Federasiya oyunçular və komandalar arasında əlaqə yaratmaq üçün şəbəkə platforması da təqdim edir.
Güclü kiber idman komandalarına sahib olmaq istəyən hər bir ölkə üçün ən böyük problem yeni oyunçular yetişdirməkdir. Bu, təhsil potensialı və maliyyə tələb edir. İndi bu problemlə həm biznes, həm də ictimai təşkilatlar məşğuldur. “Esports Ukraine” təşkilatı universitetlərlə işlədi və Kiyev Milli Bədən Tərbiyəsi və İdman Universitetində kiber idman sahəsində ilk magistr proqramının yaradılmasına lobbiçilik etdi. 2019-cu ilin may ayında proqramı təsdiqlədilər və gələn il proqrama ilk tələbələr qəbul olunacaq. Daha sonra bakalavr ixtisas proqramı hazırlanacaq.
Kiber idman yarışları özü özlüyündə yeni oyunçular üçün məşq meydançası rolunu oynayır. “eSPORTconf Ukraine 2019” konfransında Ukrayna Kiber İdman Federasiyasının rəhbəri Artur Yermolayev bildirdi ki, müntəzəm regional və milli turnirlər həvəskar oyunçuları peşəkara çevirir.
“Esports Ukraine” təşkilatının prezidenti İvan Danişevski hesab edir ki, Ukrayna həm də xarici kiber idman komandaları üçün cəlbedici ölkə ola bilər. Yarışlara hazırlaşan komandalar intensiv məşqlər üçün bir yerə toplanır. Onlar bir neçə aylıq ev icarəyə götürərək komanda işini və fərdi bacarıqlarını inkişaf etdirirlər. Digər Avropa ölkələri ilə müqayisədə Ukraynada icarə haqqı və internet tarifləri aşağıdır, ona görə də komandalara intensiv məşqləri burada təşkil etmək sərfəlidir. Ancaq bundan sonra biznes və QHT-lər dövlət dəstəyi olmadan keçinə bilməz. Kiber idmanın milli səviyyədə rəsmi şəkildə tanınması böyük tədbirlərin keçirilməsi və yeni oyunçuların ortaya çıxması üçün gərəkli infrastrukturun inkişafını sürətləndirə bilərdi. Bu həm də beynəlxalq yarışlara qatılmaq üçün Ukrayna yığma komandalarını formalaşdırmağa imkan verərdi…
Vitali Rıbak,
“İnternyus-Ukrayna” və “UkraineWorld”ün analitiki və jurnalisti
Material ilk dəfə “UkraineWorld” də dərc olunub.