Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidməti açıqlama yayıb.
Açıqlamada deyilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanıb: “Toplanmış materiallarla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
İsmayıl Vəliyevin həm şəxsən, həm də icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla İsmayıl Vəliyevin təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdıraraq mənimsədiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində torpaq sahələrini özbaşına tutduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə etdiyi, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.
İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarını İsmayıl Vəliyevin müxtəlif adlar altında ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib”.
Açıqlamada daha sonra deyilir ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə şübhəli şəxs qismində saxlanıb.
Dövlət Təhlükəsizliyi Xidməti həbs etdiyi daha bir neçə nəfərin adını açıqlayıb: Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayondakı Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov. Onlar və adları hələ açıqlamayan digər şəxslər rüşvət alma və rüşvət vermə faktlarına görə saxlanıblar.
Novator.az bildirir ki, fevralın 20-də prezident İlham Əliyev İsmayıl Vəliyevi Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
İsmayıl Vəliyev 2011-ci ilin aprelindən Neftçalanın icra başçısı idi.
1959-cu ildə Gəncə şəhərində doğulan İsmayıl Vəliyev Bakı Dövlət Universitetinin məzunudur. Əli Bayramlı Şəhər Xalq Deputatları Sovetində, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətində, Prezidentin İcra Aparatında, Dövlət Gömrük Komitəsində məsul vəzifələr tutub, 2005-2011-ci illərdə Qobustan rayonunun icra başçısı olub.