İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev fevralın 20-si Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. O deyib ki, fevralın 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 min 482 nəfər müraciət edib, 1 milyon 321 min 592 tibbi xidmət göstərilib: “Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir, Yevlax, Xaçmaz, Şəki və Qəbələdir”.
Zaur Əliyevin bildirdiyinə görə, ölkənin inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb: “Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir. Bunlar Şəki-Zaqatala, Bərdə-Yevlax, Quba-Xaçmaz, Göyçay-Kürdəmir, Dağlıq Şirvan bölmələridir. Fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış, yüksək qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet xəstəlikləri də yer alır.
Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib, dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi, kardiologiya/ürək-damar cərrahiyyəsi, oftalmologiya, urologiya, nevrologiya/neyrocərrahiyyə üzrə əməliyyatlar çoxluq təşkil edir”.
Agentlik sədrinin sözlərinə görə, görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əmək haqlarına tətbiq edilən əlavələrlə bağlıdır: “Yeni qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əmək haqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əmək haqlarına əlavələrini də alacaqlar”.
Novator.az bildirir ki, icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı belə müəyyən olunub:
Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonları – 2020-ci ilin yanvar-mart aylarında;
Gəncə və Naftalan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonları – 2020-ci ilin aprel-iyun aylarında;
Şirvan şəhəri, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları – 2020-ci ilin iyul-sentyabr aylarında;
Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları – 2020-ci ilin oktyabr-dekabr aylarında.
2017-ci ilin yanvarından ölkədə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanıb. Pilot layihə ilk olaraq Mingəçevir şəhərini və Yevlax rayonunu əhatə edib, 2018-ci ildən Ağdaş rayonunun ərazisində də tətbiq olunub.