Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da hesabat məqaləsi ilə çıxış edib. Novator.az-ın məlumatına görə, o yazır ki, 2019-cu ildə Prezident Administrasiyasına Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdabdan daha çox müraciət daxil olub: “Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdabda bu rəqəm daha yüksəkdir.
2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 67,9 faizi ərizə, 31,8 faizi şikayət, 0,3 faizi təklifdir.
Vətəndaşlar əfv məsələləri, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, yaşayış binalarının və mənzillərin təmiri və sənədləşdirilməsi, sahibkarlığın inkişafı, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı və digər məsələlərlə bağlı daha çox müraciət ediblər.
2018-ci illə müqayisədə şikayətlərin sayı Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdabdan artıb, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabuldan azalıb.
Hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb. Narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdabdan daha çox olub”.
Şöbə müdiri qeyd edir ki, polisin fəaliyyətinə dair daxil olan şikayətlər üzrə Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər rayonları önə çıxıb.
Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olduğu vurğulanır.
Hesabata görə, prokurorluq orqanları haqqında şikayətlər daha çox Bakı şəhərinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Səbail rayonlarından, Gəncə, Lənkəran, Mingəçevir, Şəki şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Cəlilabad, İmişli, Kürdəmir, Quba, Lerik, Şəmkir, Tovuz, Yardımlıdan gəlib.
Məqalədə bildirilir ki, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 83,7 faizinə mərkəzi, 16,3 faizinə yerli icra hakimiyyəti orqanlarında baxılıb: “Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,8 faizi müsbət həll olunub, 3,1 faizi qismən təmin edilib, 8,8 faizi əsassız sayılıb”.
Yerli icra hakimiyyətlərində müraciətlərin 19,2 faizinin müsbət həll olunduğu bildirilir.