Erməni silahlı qüvvələrinin bölmələri fevralın 15-i cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.
1990-cı il təvəllüdlü Seymur Ələsgərov gəncəlidir. Fevralın 16-sə Gəncə şəhərində onunla vida mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin əsgər yoldaşları və ictimaiyyət təmsilçiləri iştirak edib. Seymur Ələsgərov Gəncənin Şəhidlər Xiyabanında dəfn olunub.
1988-ci ilin fevralında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun (Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir) ərazisini “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca ermənilərin əlinə keçib.
Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilib.
1992-ci ilin fevralında Xocalı şəhəri, mayında Şuşa şəhəri işğal olunub, həmçinin Laçın şəhəri tutulub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.
İyunda keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad edilib.
İyulda Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub, Tərtər-Kəlbəcər yolu açılıb.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb, Tərtər-Kəlbəcər yolu yenidən bağlanıb.
Apreldə Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edib.
İyulda Ağdam şəhəri, avqustda Füzuli və Cəbrayıl rayonları, Laçının Qubadlıya yaxın kəndləri və Qubadlı rayonu işğal edilib.
Oktyabrda Zəngilan rayonu tutulub.
1994-cü ilin yanvarında Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilib.
Mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.
2016-cı ilin aprelində Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edib…