“Strateji inkişaf yolumuz var – heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq”. Prezident İlham Əliyev fevralın 12-si Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışı zamanı belə deyib.
ASAN könüllüləri ilə görüşən dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub: “Eyni zamanda bizim dövlətimiz müasirdir, dünyəvidir, gələcəyə uğurla getməyə hazırdır və beynəlxalq əməkdaşlığa açıqdır. Bu amillərin sintezi bizim uğurlarımızı şərtləndirir.
Gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alanda gələcəkdə ölkənin maraqlarını ləyaqətlə müdafiə edə biləcəklər. Ölkənin maraqlarını müdafiə etmək üçün bir neçə önəmli amil lazımdır. İlk növbədə Vətən sevgisi, Vətənə və milli köklərə bağlılıq olmalıdır. Bu, cəmiyyətimizdə var və siz gənclərdən asılıdır ki, həmişə olsun. Ölkəmizin gələcək taleyi sizin kimi müasir, bilikli, istedadlı gənclərin əlində olacaq. Əlli ildən, yüz ildən sonra Azərbaycanın necə inkişaf edəcəyi sizin kimi gənclərin və sizdən sonra gələn nəsillərin fəaliyyətindən və dünya görüşündən asılı olacaq. Ona görə biz xalqımıza xas olan dəyərləri nəsildən-nəslə ötürməliyik, onları itirməməliyik, qorumalıyıq.
İndiki şəraitdə bunu etmək o qədər də asan deyil. Çünki indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, – bu da müsbət haldır, – amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər.
Media bir tərəfdən bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir.
Bizim strateji inkişaf yolumuz var – milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaq və milli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır.
Ancaq bununla bərabər biz qapalı şəraitdə yaşaya bilmərik. Dünyada, regionumuzda gedən proseslər bizə də təsir göstərir. Əfsus ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq. Nəzərə alsaq ki, ölkə daxilində risklər yoxdur, – nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, – bütün mümkün olan problemlər kənardan gələ bilər. Həm ideoloji təxribat, – bu barədə mən artıq öz sözümü dedim, – həm də başqa təxribatlar. Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin.
Nə qədər ki, mən bu vəzifədəyəm Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək. Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var”.
Fevralın 9-da keçirilmiş parlament seçkisinə toxunan prezident deyib ki, marafonda nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də seçkinin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu: “Seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin”.