Azərbaycanda arxiv işinin inkişafına dair dövlət proqramı təsdiqlənib. Prezident İlham Əliyevin sərəncamı ilə rəsmiləşən proqram 2020-2025-ci illəri əhatə edir.
Sənədə əsasən, məqsəd arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun və arxivçi peşəsinin nüfuzunun artırılmasını, Milli Arxiv Fonduna aid sənədlərin toplanmasını, sistemləşdirilməsini, dövlət mühafizəsinə daimi qəbulunu, qeydiyyatını və onlardan səmərəli istifadəni təmin etməkdir.
Proqramın əsas istiqamətləri belə sıralanır:
arxiv işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi; dövlət nəzarətinin gücləndirilməsi və səmərəli idarəetmənin təşkili məqsədilə normativ hüquqi aktların layihələrinin hazırlanması;
dövlət arxivləri sistemində institusional islahatların aparılması və kadr potensialının gücləndirilməsi, dövlət arxiv təşkilatlarının strukturunun və şəbəkəsinin təkmilləşdirilməsi;
dövlət arxivlərinin əməli və tarixi əhəmiyyətli sənədlərlə komplektləşdirilməsi hesabına Milli Arxiv Fondunun informasiya potensialının zənginləşdirilməsi;
dövlət arxiv təşkilatlarının göstərdikləri arxiv xidmətlərinin çeşidinin artırılması və rasionallığının təmin edilməsi;
Milli Arxiv Fondu sənədlərinin rəqəmsallaşdırma yolu ilə etibarlı mühafizəsinin təşkili;
arxiv işinin İKT tətbiq etməklə modernləşdirilməsi, müasir tələblər səviyyəsində qurulması, Milli Arxiv Fondu sənədlərinin rəqəmsallaşdırılması, vahid elektron arxiv məlumat sisteminin yaradılması və onun dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyasının təmin edilməsi;
arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, digər ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı sənədlərin aşkar edilərək surətlərinin Azərbaycan Respublikasına gətirilməsi;
arxivçi peşəsinin nüfuzunun yüksəldilməsinə və arxivlərin ölkənin sosial-mədəni həyatında rolunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
müasir innovativ təlim metodları əsasında arxiv sahəsində çalışan işçilərin informasiya texnologiyaları, arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələrində elmi biliklərinin və peşə bacarıqlarının artırılması.